SƏNAYE

Azərbaycanda neft hasilatı artıb, əmtəəlik qaz istehsalı isə azalıb
14 MAY
152

Azərbaycanda neft hasilatı artıb, əmtəəlik qaz istehsalı isə azalıb

2018-05-14 11:47:00

Azərbaycanın mədənçıxarma sektorunda neft hasilatı 1,4 faiz artıb, əmtəəlik qaz istehsalı isə 10,8 faiz azalıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-aprel aylarında 15 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz artıb, neft sektorunda isə 0,6 faiz azalıb.

Sənaye məhsulunun 73 faizi mədənçıxarma sektorunda, 21,9 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, hazır metal məmulatlarının istehsalı 2,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, mebel istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 98,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 91,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 62,6 faiz, tikinti materiallarının istehsalı 37,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,2 faiz, geyim istehsalı 12 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,1 faiz artıb.

İçkilərin istehsalı 3,6 faiz, qida məhsullarının istehsalı 5,1 faiz, maşın və avadanlıqların istehsalı 5,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 6,1 faiz, əczaçılıq məhsullarının istehsalı 22 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 33,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 64,0 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 1,7 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256