SƏNAYE

“Şahdəniz-2”dən yaxın aylarda hasilata başlanacaq
07 MAY
349

“Şahdəniz-2”dən yaxın aylarda hasilata başlanacaq

2018-05-07 10:01:00

Avropanın enerji xəritəsini dəyişdirən, Azərbaycandan İtaliyayadək 3500 kilometr məsafə qət edən “Cənub qaz dəhlizi”nin (CQD) ehtiyat mənbəyi Xəzərin qoynundakı “Şahdəniz” yatağıdır. CQD layihəsinin həyata keçirilməsində 7 ölkə, onlarca şirkət və qaz alıcısı iştirak edir. Yaxın aylarda layihənin 4 seqmentindən 3-ü istifadəyə veriləcək və dəhlizə “Şahdəniz”in işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan ilk qaz vurulacaq.

“Şahdəniz-1”dən 12 ilə yaxındır qaz və kondensat hasil olunur. “Şahdəniz” qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Azərbaycana və Gürcüstana çatdırılır. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya birləşdirilən əlavə borular qazı Ərzurumadək nəql edir. Odur ki, başlanğıcını Səngəçal terminalından götürən bu  xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.

“Şahdəniz”in kondensatı isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə vurulur. “Şahdəniz” yatağı sahildən təxminən 75 kilometr cənubda yerləşir. Yatağın kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı ildə imzalanıb. Saziş Milli Məclis tərəfindən ratifikasiya edilib və həmin il oktyabrın 17-də qüvvəyə minib. Növbəti ildə yataqda üçölçülü seysmik tədqiqatlar aparılıb. 1999-cu ilin iyun ayında burada birinci kəşfiyyat quyusunun qazılması tamamlanıb. Elə həmin il bu yatağın kəşf olunduğu tarix hesab edilir. Ümumiyyətlə, 1997-2001-ci illər ərzində yataqda qazılmış kəşfiyyat-qiymətləndirmə quyuları burada dünya səviyyəli qaz-kondensat yatağının olduğunu təsdiqləyib.  

“Şahdəniz” dünyadakı ən nəhəng karbohidrogen yataqlarından biridir. Onun ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan çox kondensat həcmində qiymətləndirilir.

Keçən il “Şahdəniz-1”dən 10,2 milyard standart kubmetr qaz və 2,4 milyon ton  kondensat hasil edilib. Hazırda “Şahdəniz” qurğularının hasilat gücü gündə 30 milyon, ildə təxminən 10,9 milyard standart kubmetrdir. 2007-ci ildən bu il aprelin 1-dək “Şahdəniz” yatağı üzrə əldə olunan gəlirlər 2506 milyon ABŞ dolları təşkil edib.

2013-cü ilin dekabr ayında “Şahdəniz-2”nin işlənməsi üçün də yekun investisiya qərarı verilib. Bundan iki il əvvəl “Şahdəniz” konsorsiumu ikinci mərhələ çərçivəsində Türkiyəyə qazın satılması üçün BOTAŞ şirkəti ilə sazişlər imzalayıb. 2013-cü ilin sentyabr ayında qazın Avropadakı istehlakı üçün 9 şirkətlə belə sazişlərə imza atılıb. Bu sazişlər 25 illik müddəti əhatə edir.

Layihənin Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyada milyonlarla istehlakçıya ildə 16 milyard kubmetr qaz təmin etməsi nəzərdə tutulub. Bu həcmin 6 milyard kubmetri Türkiyəyə nəql ediləcək, 10 milyard kubmetri  Avropadakı alıcılara çatdırılacaq.

“Şahdəniz-2”nin ilk qazının nəqli 2018-ci ildə Gürcüstan və Türkiyə üçün nəzərdə tutulur. Avropaya qaz təchizatı 2020-ci ilə gözlənilir.

Ötən müddət ərzində görülmüş işlər “Şahdəniz-2” layihəsinin uğurla irəlilədiyini göstərir. Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalında, Bakı yaxınlığındakı ATA (“AMEK-Tekfen-Azfen”) sahəsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) irimiqyaslı işlər aparılıb.

“Şahdəniz-2”nin ərazisində quraşdırılmış və bir-birinə körpü vasitəsilə birləşdirilmiş hər iki platforma ilk qaz hasilatı üçün, demək olar, hazırdır. 2017-ci ilin mart ayında platformalardan birinin - Yaşayış Blokları və Texnoloji Təchizat Platformasının dayaq bloku BDÖZ-dən dənizdə quraşdırılmaq üçün yola salındı. Qurğu qısa müddətdə Xəzərdə, “Şahdəniz-2” müqavilə sahəsində uğurla quraşdırıldı.

İyunun əvvəlində həmin platformanın üst modulları da dənizə göndərildi. Prezident İlham Əliyevin qurğunun yola salınması mərasimində iştirak etməsi bu hadisənin əhəmiyyətini bir daha təsdiqlədi.

Üst modulların tikinti işləri tamamlandıqdan sonra onlar “STB-1” barjına yüklənərək ATA-nın yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılmışdı. Qurğunun vahid bir konstruksiya kimi daşınması, dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri dəqiq planlaşdırılmışdı və bu işlər bir neçə gün ərzində başa çatdırıldı.

Üst modullar Bibiheybətdəki “Azfen” tikinti-quraşdırma sahəsində ATA konsorsiumu tərəfindən inşa edilib. Konstruksiyanın çəkisi 12400 tona yaxındır, uzunluğu 100, eni 60 metrə çatır. Qurğunun yaşayış bloku 100 nəfər üçün nəzərdə tutulub. Burada işçilər üçün yaşayış otaqları, ofis və idman zalları yaradılıb.

Keçən il sentyabr ayının 15-də “Şahdəniz-2” üçün tikilən  ikincisi - Hasilat və Dikborular Platformasının da üst modulları daimi yerində quraşdırıldı. Xatırladaq ki, bu qurğunun dayaq bloku BDÖZ-də tikilmiş və 2016-cı ilin sentyabrında Xəzərdəki daimi yerində quraşdırılmışdı. 

Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş “Xankəndi” gəmisinin istifadəyə verilməsi “Şahdəniz”in salnaməsində mühüm yer tutur. “Xankəndi” sualtı tikinti gəmisi 11 il “Şahdəniz” yatağında işləyəcək.

Səngəçal terminalında “Şahdəniz-2” üçün nəzərdə tutulan genişləndirmə işləri başa çatıb. İlk qazı qəbul etmək üçün yeni qurğular istismara, demək olar ki, hazırdır.  

“Azərbaycan” qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257