SƏNAYE

Avropanın “qara mirvari”ləri
02 MAY
252

Avropanın “qara mirvari”ləri

2018-05-02 18:45:00

Camışçılıq... Doğrudan da avropalılar bu sahəni qiymətli “mirvari” adlandırırlar. Azərbaycanda isə illərdir camışların sayı azalır, bu sahədə təxirəsalınmaz tədbirlər görülməsi camışçılıq tamamilə sıradan çıxacaq. Statistikaya görə, camışların baş sayı illər üzrə azalmaqdadır. Əgər 2000-ci ildə ölkədə  140 min 490 baş heyvan olubsa 2016-cı ildə bu göstərici 102 min 812 başa enib. Hansı ki, ölkəmizin təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca münasibdir. Vaxtilə Kür qıraqları, Araz vadiləri, Qazax-Qarabağ düzləri camışçılığın məskəni idi. Tarixi məlumtlara görə, Azərbaycanda XVIII-XIX əsrlərdən camışdan sağmal heyvan kimi istifadə edilməyə başlanıb və yerli qaramala nisbətən daha çox sayda bəslənilirdi. Bir çoxları camışı gəlirli saymır, çünki, bu heyvanlar 
inəklərə nisbətən az süd verir. Gündə sağmal camışlardan 3-4 kq süd sağılır. Azərbaycanda camış südündən yerli əhalinin çox sevdiyi əla keyfiyyətli qatıq və süzmə, əvəzsiz qaymaq, ayranından  şor alınır. Camış qatığı inək və qoyun qatığından qatı, dadlı, yağlı və qiymətli hesab olunur. Camış qatığının və ayranının yayda profilaktik əhəmiyyəti var. Hindistanda olanlar, yəqin ki, “koa” deyilən xüsusi qatı süddən dadıblar. Dövlət səviyyəsində ən yüksək ali qonaqların süfrəsinə koa içkisi qoyulur. Bu içkinin dadı onu içənlərin damağından getmir.
Başqa bir məqam, camış südünün tərkibində yağ faizi çox yüksək olur. Orta hesabla camış südünün yağlılığı 8-16 faiz, çox vaxt 6-12 faiz arasında olur. Camış südündə yağ faizi sağım dövrünün 3-cü ayından başlayaraq qalxır. Azərbaycanda camış südünün standart yağlılığı orta hesabla 7,6 faiz, inək südünününki isə 3,2 faiz qəbul edilib. Çox nadir hallarda olsa da, bəzi təsərrüfatlarda südündə yağ faizi daha çox olan camışlara təsadüf olunur. İnək südünün 22-24 kiloqramından 1 kq yağ alındığı halda, bu qədər yağ 11-12 kq camış südündən əmələ gəlir. Camış südündə yağın kaloriliyi 672-yə bərabərdir.
Azərbaycanda camış südündən və qatığından yağ istehsal olunur. Yerli üsul ilə nehrə çalxalamaqla hər 100 kq camış südündən orta hesabla 20,2 kq, inək südündən isə 15,3 kq şor alınır. Bu, camış və inək südünün tərkibində olan quru maddənin miqdarı ilə əlaqədardır. 
Camışlar 300 günlük sağım dövründə yemləmə və saxlama şəraitindən asılı olaraq 700-1500 kq və daha çox süd verirlər ki, bu da inək südü hesabı ilə 1500-3000 kiloqrama bərabərdir. Damazlıq işlərinin indiki yeni dövründə Azərbaycan camışlarının 2000-3000 kq süd verməyə qabil oldugu müəyyən edilmişdir. İnək südünə çevirdikdə, bu, 4000-6000 kq süd deməkdir. Beləliklə, camışları az südlü hesab etmək olmaz. Təcrübələr göstərir ki, camışlar istədikləri qədər su içdikdə süd məhsulunu ilk gündən 8-10 faiz artırır.
Sizi çox yormamaq niyyəti ilə fikirlərimi burada dayandırıram, camışçılığın digər təsərrüfat əhəmiyyəti haqda növbəti yazımızda bəhs edəcəyik. 
      
Ramil Kazımov 
İqtisadçı-ekspert (Aqrobiznes.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273