SƏNAYE

Meyvə ağaclarını əkəndə nəyə diqqət yetirmək lazımdır?
02 MAY
285

Meyvə ağaclarını əkəndə nəyə diqqət yetirmək lazımdır?

2018-05-02 15:25:00

Ağaclar yaz və payız aylarında əkilməlidir. Əgər əkin payızdadırsa, o zaman oktyabrın ikinci yarısından gec olmayaraq, əgər yazdadırsa, aprelin ikinci yarısı - mayın əvvəlindən gec olmayaraq həyata keçirilməlidir. Gec əkildiyi zaman zəif kök salır və əlavə suvarmaya ehtiyac olur.

Meyvə ağaclarının əkilməsi zamanı əkin materiallarının vəziyyəti önəm kəsb edir. Əgər köklər quruyubsa, ağacı əkmədən öncə onları 12-24 saat suda saxlamaq lazımdır. Köklərin quruması ağacın tutub-tutmamasına mənfi təsir göstərir. Köklərdə qurumuş hissələr varsa, ehtiyatla sağlam köklərə qədər kəsilməlidir. Kəsərkən maksimum az və düz (əyri kəsmək olmaz) kəsmək lazımdır.

Əkinin düzgün dərinliyini bilmək də çox vacibdir. Dərinlik az olarsa, ağacın kökləri qışda şaxtadan, yayda isə istidən məhv olar. Əksinə, çox dərinə əkilərsə, o zaman da ağac quruyur, kökləri zəif inkişaf edir. Ağacı düzgün əkmək üçün nəzərə almaq lazımdır ki, əkin zamanı yeni qazılmış çuxur yenidən torpaq ilə örtüldüyü zaman müəyyən daralma baş verir. Düzgün əkilmiş ağacın kök boyuncuğu (kökün gövdəyə keçid hissəsi) torpağın səthindən 4-5 santimetr hündürlükdə olmalıdır. Əkildikdən sonra ağac çuxurda normal vəziyyət alır. Belə ki, onun kök hissəsi torpaq qatı ilə eyni səviyyədə olacaq. Çuxurun uzunluğu boyunca nazik dirək qoyaraq ağacın əkilməsi üçün lazımi dərinliyi asanlıqla təyin etmək olar.

Ağacın əkilməsini iki nəfər həyata keçirməlidir. Bir nəfər ağacı çuxura yerləşdirir, köklərini düzəldir, ikinci şəxs isə yavaş-yavaş çuxuru torpaq ilə doldurur. Köklərin aralarına torpağın tam dolması üçün ağacı saxlayan şəxs ehmalca onu tərpədir. Köklər tam örtüldükdən sonra şitilin ətrafındakı torpaq bərkidilir. Ağacı əkərkən köklərin çuxur boyu tam uzadılmasına, uclarının yuxarıya doğru əyilməməsinə diqqət etmək lazımdır. Ağac çuxurun tam ortasında əkilməlidir. Çuxuru doldurarkən torpağın yalnız üst qatı istifadə olunmalıdır.

Əgər ağac yazda əkilirsə, o zaman günəşin təsirindən qorumaq üçün onu, şimal və ya şimal-şərq istiqamətlərdə əkmək lazımdır. Ağacın yaz və ya payızda əkilməsindən asılı olmayaraq, əkilmiş hər ağacın ətrafında balaca quyu qazılır və ora 2-3 vedrə su tökülür. Bununla sadəcə torpağı sulamaq yox, eyni zamanda, nəmləndirərək köklərin torpağa tam oturması təmin edilmiş olur. Sulandıqdan sonra səthin üzəri dağınıq torpaq və ya torf ilə örtülür. Bu, torpaqda nəmin qorunub saxlanılması və üzərində lazımi qabığın əmələ gəlməsi üçün vacibdir. (Azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259