SƏNAYE

Azərbaycanda badam bitkisinin yetişdirilməsində İspaniya təcrübəsi tətbiq olunur
02 MAY
352

Azərbaycanda badam bitkisinin yetişdirilməsində İspaniya təcrübəsi tətbiq olunur

2018-05-02 14:34:00

Azərbaycanda badam bitkisinin İspaniya təcrübəsinə əsasən yetişdirilməsi üzrə texnologiya özünü tam doğruldur. Şabran rayonunda tirə üsulu ilə əkilən badam tingləri yerli şəraitə tam uyğunlaşıb və normal inkişaf edir. Bu barədə Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev bildirib.

Mütəxəssisin sözlərinə görə, Azərbaycan yaxın gələcəkdə badama olan tələbatını yerli istehsal hesabına ödəyə biləcək. Bunun üçün ölkəmizdə yeni badam bağları salınır. 2017-2018-ci illərdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 23, Qusarda 10, Beyləqanda 28, Tərtərdə 18, Cəlilabadda 2 və Abşeronda 1 hektar olmaqla, 82 hektar ərazidə badam tingləri əkilib.

Yaxın gələcəkdə isə badam tinglərinin idxalının da qarşısı yerli istehsal hesabına alınacaq. İspaniya şirkətlərindən biri ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında müqavilə imzalanıb. Razılığa əsasən, Azərbaycanda yeni meyvə sortlarının sınaqdan çıxarılması və müasir tingçilik təsərrüfatı yaradılıb. İspaniya şirkəti ilə qurulan əlaqələrdən sonra ölkəmizə 3 yeni badam sortu ilə yanaşı, 17 sort şaftalı və 1 sort da ərik gətirilərək sınaqdan çıxarılır.

“Yeni gətirilən badam sortlarının əsas üstünlüyündən biri yaz şaxtalarına məruz qalma ehtimalının çox aşağı olmasıdır. Həm də bu sortlar öz-özünü tozlama qabiliyyətinə malikdir. Buna görə də əlavə tozlayıcı sortun əkilməsinə ehtiyac yoxdur. Bu badamların meyvəsinin yağlılığı 50-60 faiz arasında dəyişir. Ləpə çıxımı isə 40-48 faizdir. Əkdiyimiz badam bağları məhsula düşdükdən sonra hər hektardan 5-6 ton badam əldə olunması gözlənilir”, - deyə mütəxəssis bildirib.

Dünya bazarında badama böyük tələbat var və bir çox ölkədə əsas valyuta gətirən məhsullardan sayılır. Azərbaycanda isə mövcud badam bağlarının sahəsi 1000 hektara yaxındır. Yaxın 2-3 ildə badam bağlarının iki dəfədən çox artırılması nəzərdə tutulub. (Azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252