SƏNAYE

Şabranda xalça istehsalı müəssisəsinin tikintisinə başlanılıb
30 APREL
244

Şabranda xalça istehsalı müəssisəsinin tikintisinə başlanılıb

2018-04-30 16:51:00

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialı üçün yeni binanın və regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisinə başlanılıb. Birmərtəbəli xalça istehsalı müəssisəsində toxuculuq zalı, emalatxana, yeməkxana, anbar, eləcə də rəssam, tibb və inzibati otaqlar yerləşəcək. Hazırda müəssisənin təməli qoyulur. İnşa ediləcək istehsal müəssisəsinin ümumi sahəsi 1051 kvadratmetr olacaq.

Şabranda xalçaçılıq müəssisəsi ilə yanaşı, yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin də tikintisinə start verilib. Tədarük məntəqəsi regional xarakter daşıyacaq. Buranın imkanlarından Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının sakinləri də bəhrələnəcəkər.

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov bildirib ki, Şabran qədim xalçaçılıq mərkəzlərindən biridir. “Bu rayonun kəndlərində qədim zamanlardan xalçalar toxunub və bu ənənə yaşamaqdadır. Xalça istehsalı müəssisəsində 150 nəfər qadın işlə təmin olunacaq. Şabranla yanaşı Bakı, Naxçıvan, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Tərtər və Goranboyda da xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılacaq. Hər bir xalça emalatxanasında il ərzində təxminən 700 kvadratmetr xalça toxunması nəzərdə tutulub”, - deyə V.Muradov bildirib.

Şabranda inşa olunan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi ölkəmizdə xalça istehsalının xammal bazasının təşkili üçün mühüm əhəmiyyətə malikdir. Bu cür müəssisələr Naxçıvan şəhərində, Bərdə, Qobustan və Sabirabad rayonlarında da fəaliyyətə başlayacaq. Məntəqələrə gətirilən yun Sumqayıtda tikilən Əyirici-Boyaq Fabrikində emal ediləcək.

Vidadi Muradov bildirib ki, bu günə kimi fəaliyyətə başlayan 10 xalça emalatxanasında artıq 2 min kvadratmetr xalça toxunub. 2018-ci ilin sonunadək daha 11 xalça istehsalı emalatxanası və 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi fəaliyyətə başlayacaq.

Cəmiyyətin bu il yaradılacaq xalça emalatxanalarında, tədarük məntəqələrində 2 minə yaxın insan daimi və mövsümi işlə təmin olunacaq. (Azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257