SƏNAYE

Xaçmazın daha üç kəndinə ilk dəfə təbii qaz verilib
24 APREL
99

Xaçmazın daha üç kəndinə ilk dəfə təbii qaz verilib

2018-04-24 15:43:00

SOCAR “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Meşəli, Sahillər və Samurçay kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

Aprelin 24-də bu yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsi münasibətilə Meşəli kəndində keçirilən mərasimdə “Azəriqaz” İB-nin nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Ümumilikdə, 95 abonenti olan iki kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 11 min 29 metr polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, istirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacaq.

“Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Xaliq Namazov bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində “Azəriqaz” İB tərəfindən respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir.

Xaçmazda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 106-ya çatdırılıb. Rayon üzrə qazdan istifadə edən abonentlərin sayı isə 35 min 200-dən çoxdur. Hazırda rayonun Turist, Dalğalı, Çaxçaxlı və Seyidlikəndyeri kəndlərində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Tezliklə tikintisi başa çatan yaşayış məntəqələrində ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.

“Azəriqaz” İB-nin nümayəndələri kənddəki evlərdə olub, abonentləri qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriblər.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277