SƏNAYE

Azərbaycanda daha bir layihəyə yekun vurulub
24 APREL
101

Azərbaycanda daha bir layihəyə yekun vurulub

2018-04-24 15:09:00

Bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandalıq Nazirliyinin, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə FAO-nun “GCP/AZE/006/TUR: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsinin yekun seminarı keçirilib.

Yekun seminarda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini Seymur Səfərli qeyd edib ki, 2015-ci il yanvarın 1-də icrasına başlanılan layihə cari ilin aprelin 30-da yekunlaşacaq. Sözügedən layihə FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində Türkiyə tərəfindən maliyyələşdirilib. Bu layihənin məqsədi ekoloji təmiz kənd təsərrüfatı məhsul istehsalının təşviq edilməsi, təbii ehtiyatların və ətraf mühitin qorunub saxlanması ilə davamlı istifadəsinə nail olmaqla, ölkədə ekoloji təmiz məhsul istehsalı metodlarını yaymaqdır.

Nəzərə çatdırılıb ki, layihənin əsas hədəflərindən biri də Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafına təkan vermək, bu sahədə mövcud qanunvericiliyin, hüquqi bazanın formalaşdırlamasının, müvafiq milli strategiyanın hazırlanmasından ibarətdir. “Bu sahədə  əhalinin ekoloji təmiz qida ilə təmin edilməsi də başlıca amillərdən sayılır. Belə ki, son dövrlərdə həmin sahədə zəruri tədbirlər həyata keçirilib, Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə əlaqadar “Strateji Yol Xəritəsi”ndə də ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biri kimi qeyd edilib və bu istiqamətdə müəyyən fəaliyyətə başlanılıb. Ümumilikdə isə, orqanik məhsullar sağlam  qida ilə zəngin olmaqla yanaşı, fermerlərin öz məhsullarını  xarici bazarlara çıxışını da asanlaşdırır”.

FAO-nun orqanik kənd təsərrüfatı üzrə beynəlxalq məsləhətçisi xanım Uygun Aksoy dünyada və Azərbaycanda orqanik kənd təsərrüfatının mövcud vəziyyəti, Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafının mümkün istiqamətləri və hazırlanmış standartlar barəsində təqdimatlar edib.

FAO-nun milli məsləhətçiləri Yaqub Quliyev layihənin məqsədləri və əldə edilmiş nəticələr, potensialın artırılması və maarifləndirmə fəaliyyətləri haqqında, Məhəmməd Quluzadə Orqanik Kənd Təsərrüfatı haqqında qanun, Həzi Eynalov orqanik məhsullar üçün daxili və ixrac bazarlarının inkişafı barəsində iştirakçılara  geniş məlumat veriblər.

Həmçinin Türkiyənin Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin nümayəndəsi Ayhan Baran orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyi, həmin məhsullara beynəlxalq sertifikatların verilməsi və bu sahədə Türkiyə təcrübəsindən söz açıb.

Semanarda bildirilib ki, ənənəvi kənd təsərrüfatı ilə müqayisədə orqanik kənd təsərrüfatı ətraf mühitin qorunması və keyfiyyətli məhsul istehsalı ilə daha çox gəlir yaratmaq üstünlüyündən başqa torpağın keyfiyyətini yaxşılaşdırmaqla məhsuldarlığın tədricən artırılmasına da töhfə verir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276