SƏNAYE

Azərbaycanın enerji qurumlarının rəhbərləri hesabat verdi
20 APREL
244

Azərbaycanın enerji qurumlarının rəhbərləri hesabat verdi

2018-04-20 13:16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı Energetika Nazirliyində kollegiya iclası keçirilib.

Nazirliyin şöbələri və  tabeliyindəki qurumların, eləcə də “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, SOCAR və “Azəriqaz” İB-nin rəhbər və səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda energetika naziri vəzifəsini icra edən  Pərviz Şahbazov dövlət başçısının bir çox sahələr kimi enerji sektorunda da  qarşıdakı dövr üzrə mühüm vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb. Pərviz Şahbazov  bildirib ki, ilin sonuna kimi ölkədə qazlaşdırmanın 95 faizə çatdırılması, “Şimal-2” elektrik stansiyasının tikintisinin yekunlaşdırılması, ölkənin inkişafını, əhali artımını, sənayeləşmə prosesini nəzərə alaraq, 5-10 il sonra daxili istehlaka tələbatın proqnozlaşdırılması, xarici enerji bazarlarının təhlili nəticəsində ixrac potensialının müəyyən edilməsi, alternativ və bərpa olunan enerjinin istehsalı sahəsinin təhlili əsasında külək, günəş və su elektrik stansiyalarının tikintisi istiqamətlərində tapşırıqlar verilib. Sadalanan istiqamətlər üzrə mövcud vəziyyətin və imkanların təhlili əsasında birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb, tapşırıqların nəzərdə tutulduğu vaxta qədər icrasının mümkünlüyü ifadə edilib. 

Sonra “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ölkədə generasiya gücləri, orta və uzunmüddətli inkişaf planları, elektrik enerjisinin ixrac perspektivləri, eləcə də “Şimal-2” elektrik stansiyasının tikintisinin gedişatı ilə bağlı məruzə edib. Daha sonra isə “Azərişıq” ASC-nin sədri Baba Rzayevin ölkədə  elektrik enerjisinin təminatı və elektrik şəbəkəsinin mövcud vəziyyəti, daxili istehlakın orta  və uzunmüddətli inkişaf tendensiyası barədə məruzəsi dinlənilib. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi  və bu sahəyə özəl sektorun cəlbinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Bu günlərdə “Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi tədbirlərindən biri kimi qiymətləndirilib.

İclasda həmçinin ölkənin qazlaşdırılması çərçivəsində görülən işlərdən bəhs edilib. Qazlaşdırma layihələrinin həyata keçirilməsində dövlət dəstəyinin xüsusi rolu qeyd edilib. Hazırda ölkədə əhali abunəçilərinin qaz təchizatı şəbəkəsi  ilə əhatələnmə  səviyyəsinin 93,9 faizə çatdırıldığını deyən SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov bildirib ki,  2018-ci ildə regionların qazlaşdırılması proqramı üzrə müvafiq təkliflər hazırlanıb. Proqrama Respublikanın regionlarında 42 inzibati rayon üzrə yaşayış məntəqələri və qəsəbələrinin qazlaşdırılması tədbirləri daxildir. Müzakirələr zamanı qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatı məsələsinə də toxunulub. Maye qazla təminat imkanları nəzərdən keçirilib.

Yekunda Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün  müvafiq  tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259