SƏNAYE

TANAP-ın maksimal ötürücülük gücünə çatması üçün 5 əlavə kompressor stansiyası inşa olunmalıdır
19 APREL
267

TANAP-ın maksimal ötürücülük gücünə çatması üçün 5 əlavə kompressor stansiyası inşa olunmalıdır

2018-04-19 17:12:00

Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) illik ötürücülüyünün 31 mlrd. kubmetr layihə gücünə çatması üçün əlavə 5 kompressor stansiyası inşa etdilməlidir. Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol Əskişəhərdə jurnalistlərə bildirib.

“TANAP illik 31 mlrd. kubmetr ötürücülük gücündə layihələndirilib. Hazırki investisiya ildə 16 mlrd. kubmetr qazın nəqli üçün hesablanıb. Hazırda iki kompressor stansiyası inşa olunur və bu iki stansiya illik 16 mlrd. kumetr qaz üçün kifayət edir. Amma boru kəmərinin 31 mlrd. kubmetr ötürücülük gücünə çatması üçün əlavə 5 kompressor stansiyası da inşa olunmalıdır. Yəni, 31 mlrd. kubmetr üçün TANAP-ın ümumilikdə 7 kompressor stansiyası olmalıdır”,-deyə  baş direktor qeyd edib.

TANAP-ın baş direktorunun sözlərinə görə, yeni kompressor stansiyalarının yerləri də müəyyənləşib: “Amma inşaat işləri üçün investisiya qərarı verilməli, hasilatın da miqdarı müvafiq həcmdə olmalıdır. Əgər hasilat lazımı miqdarda olarsa, kompressor stansiyalarını 2-2,5 ilə inşa etmək mümkündür”.

S. Düzyol xatırladıb ki, TANAP-ın hazırda inşa olunan 2 kompressor və 4 ölçmə stansiyalarının tikintisi üçün “Tekfen Holding”lə 457 mln. ABŞ dolları məbləğində müqavilə imzalanıb. Onun sözlərinə görə, iki kompressor qurğusu 80 mln. dollara alınıb.

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub. Bu il iyunun 30-da istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir.

Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Bu hissə üzrə işlərin 98,3%-i tamamlanıb və yayda kommersiya qazı BOTAŞ-ın daxili qazpaylayıcı şəbəkəsinə nəql olunacaq. Türkiyəyə qaz bu çıxış nöqtəsindən veriləcək. 2018-ci ilin iyun ayından, 2019-cu ilin iyun ayına kimi Türkiyəyə 2 mlrd. kubmetr qaz verilməsi nəzərdə tutulur. 2021-ci ilin iyun ayının sonundan isə Türkiyə üçün bu həcm 6 mlrd. kubmetrə çatdırılacaq.

Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Bu hissə üzrə ümumilikdə 80,7% işlər yerinə yetirilib. Faza-1 2019-cu ilin sonuna Avropa üçün qazı qəbul etməyə hazır olacaq. Hazırda TANAP üzrə ümumilikdə görülən işlərin həcmi 93,5% təşkil edir.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. “SOCAR Turkey Enerji” bu il martın sonunda TANAP-ın səmdarları arasına qoşulub. Şirkət “Cənub Qaz Dəhlizi” QSC-dən pay alıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259