SƏNAYE

Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb
17 APREL
312

Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb

2018-04-17 15:26:00

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.

Tərtər rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, 2018-ci ilin aprel ayının 1-nə olan məlumata görə, rayonda 27 min 437 baş iribuynuzlu mal-qara, 60 min 99 baş qoyun və keçi bəslənilir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 2,5 faiz artıb.

Birinci rübdə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 790 ton diri çəkidə ət, 5636,9 ton süd, 3285 min ədəd yumurta istehsal edilib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,4 faiz, süd istehsalı 1,8 faiz, yumurta istehsalı 27,3 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Son illərdə rayona lizinq yolu ilə 322 baş cins mal gətirilib. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması da uğurla davam etdirilir. 2015-ci ilin yanvarından indiyədək rayonda 3413 baş inək və düyə süni mayalandırılıb, onlardan 1372 bala alınıb. Cari ilin üç ayı ərzində isə 374 baş inək və düyə süni yolla mayalandırılıb, 193 baş sağlam cins buzov doğulub. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255