SƏNAYE

Bağbanın bilməli olduğu 3 vacib şərtdən biri: Gövdə ətrafının düzgün bellənməsi - FOTOLAR
17 APREL
733

Bağbanın bilməli olduğu 3 vacib şərtdən biri: Gövdə ətrafının düzgün bellənməsi - FOTOLAR

2018-04-17 11:46:00

Yazın gəlişi, havaların gündən-günə istilənməsi bütün təbiəti oyatdığı üçün bağlarda, baxçalarda tumurcuqlayan, çiçəkləyən və yarpaqlayan meyvə ağacları özlərinə intensiv qulluq tələb edirlər. Təbii ki, mövsümün sonunda bağından bol məhsul toplamaq istəyən kəndli min-bir zəhmətdən sonra nəinki istədiyi qədər məhsulu yığa bilmir, hətta çox vaxtı ağacının quruduğunu görür.

Ağaclara düzgün qulluq üçün yaz vaxtı ilkin olaraq gövdə ətrafının bellənməsinin vacib olduğunu deyən Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının professoru, kənd təsərrüfatı elmləri doktoru Zaur Həsənov həm də bu işin düzgün icrasını təcrübi olaraq izah edib.

Zaur Həsənov deyir ki, yaz vaxtı kökün normal tənəffüs və sualma qabiliyyətini artırmaq üçün ilk növbədə mütləq ağacın gövdə ətrafı bellənməli və torpaq yumşaldılmalıdr.

Lakin bir qayda olaraq bilmək lazımdır ki, köklər mərkəzdən kənara doğru düzünə istiqamətdə yerləşdiyi üçün belin ağzının gövdəyə paralel vurulması düzgün deyil. Əgər ağaclarda gövdə ətrafı bu cür bellənərsə köklər kəsilər və bu da sonradan ağacın zədələnməsinə, yaxud bütünlüklə qurumasına səbəb ola bilər. Ona görə də bel ağac ətrafında gövdəyə köndələn qoyulmalı və köklər burada həm gövdənin özünə, həm də torpaq altında bir-birinə yaxın olduqlarına görə 5-6 santimetr dərinlikdə qazılmalıdır. Gövdədən uzaqlaşdıqca belin dərinliyi tədricən artırılmalıdır. Artıq gövdədən 20-30 santimetr aralandıqdan sonra beli torpağın 25-30 santimetrinədək dərininə salmaq olar. Əvvəlcə gövdəyə yaxın yerdə beli zəif şəkildə köndələn vurmaqla, sonra isə gövdə ətrafında bir qədər dərinə salmaqla köklərin kəsilmə ehtimalının qarşısı alınmalıdır.

“Gövdə ətrafı dairə gövdədən təxminən 50-60 santimetr aralı radiusda, gövdə ətrafında isə təxminən bir metrə qədər diametrdə ola bilər. Məhz bir metrlik dairənin daxilində torpaq mütləq yumşaldılmalı və köklərin normal inkişafı üçün şərait yaradılmalıdır. Gövdə ətrafının yaz bellənməsi həm köklərin qışdan yığdığı rütubətin həddən artıq çox toplanmasının qarşısını alır, həm də təbəxuru (buxarlanma) artırır. Eyni zamanda, sonrakı mərhələdə torpaq yumşaldığından köklərin tənəffüs prosesi güclənir və yürüstü hissənin normal inkişafı gələcəkdə təmin olunur. Məlum proses yerinə yetirildikdən sonra isə ağac gövdəsinin yazda gün yanğısından qarşısını almaq üçün gövdə mütləq əhənglə ağardılmaldır”, – deyə professor Z.Həsənov qeyd edib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276