SƏNAYE

Dövlət Baytarlıq Nəzarəti Xidməti: Ölkədə sabit epizootik vəziyyət sabitdir
12 APREL
213

Dövlət Baytarlıq Nəzarəti Xidməti: Ölkədə sabit epizootik vəziyyət sabitdir

2018-04-12 13:55:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) epizootik tədbirlər planına uyğun olaraq, bu ilin birinci rübündə qarayara xəstəliyinə qarşı 2 533 125 baş iribuynuzlu, 689 668 baş xırdabuynuzlu, 86 232 baş təkdırnaqlı heyvanlarda, 4308 baş donuzda, dabaq xəstəliyinə qarşı 2 208 551 baş iribuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 209 949 baş itdə, nodulyar dermatit xəstəliyinə qarşı 256 933 baş iribuynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 36 379 baş davarda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı 8 515 462 baş quşda “H” vaksini ilə, 12 185 304 baş quşda “La-Sota” vaksini ilə profilaktik peyvəndləmə aparılıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

DBNX-dən bildiriblər ki, həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 421 293 baş iribuynuzlu, 1439 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Bununla yanaşı, epididimit xəstəliyinə görə 459 baş törədici qoç, vərəmə görə 140 730 baş iribuynuzlu, manqoya görə 19 729 baş təkdırnaqlı heyvan diaqnostik müayinə olunub.

“Quş qripi” xəstəliyinə görə ölkə ərazisində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə 1 dəfə monitorinq keçirilib, monitorinqlər zamanı seçmə üsulla ovlanaraq götürülən 25 baş çöl quşunun patmaterialı və 1771 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinə edilib, xəstəlik aşkarlanmayıb. Monitorinqlər əsasən Abşeron Milli Parkında, Şabran rayonunun Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonunun Şirvan Milli Parkında, Ağcabədi rayonunun Ağgöl Milli Parkı ərazisində, Lənkəran rayonunun Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində, habelə respublika rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılıb.

Birinci rübdə respublikamıza 1430,3 ton iribuynuzlu mal əti, 53,2 ton qoyun əti, 93 ton ət konservi, 5623,6 ton quş əti, 1775,1 ton donuz əti, 763,4 ton kolbasa və sosis, 736,2 ton süd, 2649,1 ton süd məhsulları, 1082,7 ton pendir, 358 ton quru süd, 886,8 ton qatılaşdırılmış süd, 4879,1 ton kərə yağı, 195,4 ton süd və yağ pastası, 5795,2 min ədəd damazlıq yumurta, 25271 baş iribuynuzlu heyvan, 374,4 min baş bir günlük cücə, 635 ton balıq konservi, 1094,6 ton dondurulmuş balıq, 1775 ton spred yağı, 23500 doza buğa toxumu, 0,79 ton balıq kürüsü, 19,3 ton yumurta ağı tozu və sair baytarlıq nəzarətində olan məhsullar idxal edilib. Heyvan mənşəli idxal məhsulları Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, kimya-toksikoloji, radioloji və digər müayinələrdən keçirilərək qida üçün yararlığı müəyyən edildikdən sonra istifadəyə verilib.

Eyni zamanda, respublikamızdan 143 min ədəd iribuynuzlu, 254,5 min ədəd xırdabuynuzlu heyvan dərisi, həmçinin 21,2 ton mal əti konservi, 20,9 ton qoyun bağırsağı, 19 ton toyuq əti, 39,2 ton toyuq konservi, 1854 baş diri at, 137 ton balıq, 56,4 ton qoyun əti, 14 ton heyvan daxili orqanları və sair baytarlıq nəzarətində olan məhsullar ixrac edilib.

Bazarlarda, kəsim sexlərində və ticarət mərkəzlərində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan müayinələr nəticəsində 1805 kiloqram mal, qoyun, donuz və quş ətinin, iri və xırdabuynuzlu heyvanların 7248 kiloqram daxili orqanlarının, 873 kiloqram balığın, 17916 kiloqram süd və süd məhsullarının və 4245 ədəd yumurtanın insan qidası üçün yararsız olması aşkar edilərək, baytarlıq qanunvericiliyinə uyğun olaraq zərərsizləşdirilib.

Həmçinin mənşəyi məlum olmayan, yararlığı şübhə doğuran və sağlamlığına dair heç bir sənədi olmayan 305 kiloqram at əti Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarına əsasən insan qidası üçün yararsız hesab edilərək qanunvericiliyə uyğun zərərsizləşdirilib.

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək” Tvininq layihəsi çərçivəsində beynəlxalq və milli ekspertlər tərəfindən qarayara, nodulyardermatit, xırdabuynuzlu heyvanların taun xəstəliyi, nyukasl, yüksək patogenli “quş qripi”, bruselyoz və quduzluq xəstəliklərinə qarşı mübarizə tədbirləri barədə “Qaydalar” tərtib edilib. Həmin xəstəliklər üzrə Fövqəladə Fəaliyyət Planı və hər bir adıçəkilən xəstəliyin Standart Əməliyyat Prosedurları Ümumdünya Heyvan Sağlamlığı (BEB) və Avropa İttifaqı (Aİ) Təşkilatlarının tələblərinə uyğun hazırlanıb. Adıçəkilən sənəd layihələri üzərində son tamamlama işləri həyata keçirilir və 2018-ci ilin birinci yarısına kimi aidiyyəti üzrə təqdim ediləcək.

Bu ilin birinci rübündə Avropa İttifaqının dəstəyi ilə "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" adlı Tvinninq layihəsi çərçivəsində Bakı, Lənkəran və Şəki şəhərlərində “Quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi” mövzusunda maarifləndirici seminarlar keçirilib.

Tvinninq layihəsinin beynəlxalq ekspertləri və DBNX-nin mütəxəssisləri tərəfindən “2018-2022-ci illərdə Azərbaycan Respublikasında quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında Quduzluq xəstəliyinin aradan qaldırılmasına dair uzunmüddətli Fəaliyyət Planı (2018-2022)”nın ilkin layihəsi hazırlanıb və Fəaliyyət Planının həyata keçirilməsi üçün təqribi büdcə vəsaiti hesablanıb.

Layihə çərçivəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 6 əməkdaşı iri və xırdabuynuzlu heyvanların identifikasiya və qeydiyyat sisteminin öyrənilməsi və heyvan sağlamlığının təmin edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması məqsədilə Fransada səfərdə olub.

Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirilən yuxarıda qeyd olunan baytarlıq-sanitariya tədbirləri nəticəsində 2018-ci ilin birinci rübü ərzində respublikada epizootik vəziyyət sabit olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268