SƏNAYE

Göyçaylı fermerlər 300 hektar sahədə istixana şəraitində pomidor və xiyar yetişdirib
09 APREL
377

Göyçaylı fermerlər 300 hektar sahədə istixana şəraitində pomidor və xiyar yetişdirib

2018-04-09 11:18:00

Göyçayın kəndlərində əhalinin əsas gəlir mənbəyini əkinçilik, xüsusən də faraş tərəvəzçilik təşkil edir. Bu il qış fəslində havanın yağmurlu və şaxtalı keçməsi əkin sahələri üçün çox xeyirli olub və bol məhsul üçün zəmin yaradıb. Hazırda Göyçayın 50 kəndində vətəndaşlar öz fərdi həyətyanı sahələrində və mülkiyyətlərində olan torpaq sahələrində qurulan istixanalarda faraş tərəvəzçiliklə məşğul olurlar.

Rayonun əsasən Qaraman, Çayarxı, Ləkçılpaq, Mırtı, Hacalıkənd, Qarabaqqal, Qaraxıdır, Yalman, Qızılağac, Çərəkə kəndlərində istixana şəraitində faraş tərəvəzçilik geniş yayılıb. Hazırda bu kəndlərdə elə bir həyətyanı sahə yoxdur ki, orada istixana olmasın.

Dekabr və yanvar aylarında kəndli fermerlər əvvəlcə kiçik istixanalarda pomidor və xiyar toxumlarının səpinini aparıblar. Onlar lazımi aqrotexniki qulluq göstərərək yetişdirdikləri şitilləri mart ayında böyük istixanalarda torpağa köçürüblər. Bu il rayonun kəndlərində 3830 kəndli fermer tərəfindən 300 hektar sahədə qurulan istixanalarda pomidor və xiyar yetişdirilib. Torpaq mülkiyyətçiləri əsasən pomidor “Bella”, “Ralli”, “Belbelina” sortlarından, xiyarın “Superina” sortundan olan toxumların əkininə üstünlük veriblər. Bu sortdan olan bitkilər daha məhsuldar və xəstəliklərə davamlıdır. Əldə edilən məhsul keyfiyyətli olduğu üçün xarici bazarda ona tələbat var və yüksək qiymətə satılır.

Bu günlərdə rayonda xiyar yığımına başlanılıb və məhsul hələ ki, daxili bazara çıxarılır. Aprelin 15-dək isə kəndlilər pomidor yığımına başlayacaq. Bu məhsul əsasən Rusiyaya ixrac olunacaq. Bu il ilk dəfə olaraq rayonun Ləkçiplaq, Qızılağac və Çərəkə kəndlərində dəyəri 300 min manatdan çox olan 6 ədəd müasir istixana inşa edilib. Hazırda kəndlərdə hər bir həyətyanı sahədə 2-3 və daha çox istixana mövcuddur. Kəndlilər bitkilərin tələf olmaması və tez məhsul verməsi üçün aqrotexniki qulluğun səviyyəsini artırır, ziyanvericilərə qarşı düzgün mübarizə tədbirləri görülər.

Qeyd edək ki, ötən il rayonda istehsal olunan pomidorun təxminən 50 faizi Rusiya bazarlarına aparılıb. Rayonda faraş tərəvəzçiliklə məşğul olanlar ildə 2 dəfə məhsul götürə bilirlər. Göyçayda istehsal olunan tərəvəz məhsullarının yarıdan çoxunu faraş tərəvəz təşkil edir. Ötən il rayonda 270 hektar sahədə faraş tərəvəz əkini aparılmışdı. Bu il isə daha 30 hektar sahədə yeni istixanaların qurulması kəndililərin bu sahəyə marağının artdığını göstərir. Kəndlilər bu sahədən yaxşı gəlir əldə etdikləri üçün hər il faraş tərəvəz əkini sahəsini artırmaqda maraqlıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253