SƏNAYE

Kür-Araz ovalığında 125 min hektar sahə suvarma suyu ilə təmin ediləcək
04 APREL
134

Kür-Araz ovalığında 125 min hektar sahə suvarma suyu ilə təmin ediləcək

2018-04-04 12:48:00

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Yuxarı Şirvan kanalında baş su qəbuledici qurğunu Mingəçevir su anbarından qidalandıran yeni su gətirici məcranın çəkilməsi ilə bağlı layihə həyata keçirir. Hədəf dövriyyəyə yeni daxil ediləcək torpaqların, yaradılmaqda olan aqroparkların su təchizatı üçün gələcəkdə yeni beton üzlüklü kanalın çəkilməsi və qurğunun inşası, beləliklə də 122 kilometr boyunca 10 rayonda 125 min hektar sahənin əkin dövriyyəsinə cəlb edilərək, suvarma suyu ilə təmin olunmasıdır. Artıq layihənin birinci mərhələsi - 3500 metrlik su gətirici məcranın tikintisi başa çatdırılıb.

Yuxarı Şirvan Kanalı İstismarı İdarəsindən bildiriblər ki, mənbəyini Mingəçevir Su Anbarından götürən Yuxarı Şirvan kanalı Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının torpaq sahələrinə suvarma suyunun verilməsi məqsədilə 1958-ci ildə istismara verilib. Hazırda kanal vasitəsilə həmin rayonlarla yanaşı, Hacıqabul, Zərdab və Şamaxı rayonları da daxil olmaqla, 125 min 555 hektar əkin sahəsi suvarılır. Fasiləsiz istismar olunduğu 60 ilə yaxın bir dövrdə kanal boyu hidrotexniki və mexaniki avadanlıqlarda, şlüz və qapılarda cari və əsaslı təmir-bərpa tədbirləri görülsə də, kanalın torpaq məcrasında olan dəyişikliklər, beton üzlüklərin dağılması, qurğuların bir hissəsinin öz funksiyasını itirməsi nəticəsində faydalı iş əmsalı aşağı düşüb, su itkisi artıb. Yuxarı Şirvan kanalının çaylarla kəsişməsində inşa edilmiş hidrotexniki qurğuların bəzilərində də müxtəlif səbəblərdən qəzalı vəziyyət yaranıb. Digər tərəfdən ayrı-ayrı vaxtlarda Mingəçevir su anbarının akvatoriyasında suyun səviyyəsinin kəskin azalması nəticəsində baş su qəbuledici qurğunu qidalandıran gətirici məcra kifayət qədər su ilə dolmur ki, bu da böyük problemlər yaradır. İstismarla bağlı mövcud çətinlikləri və dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə əlaqədar su təsərrüfatı işçiləri qarşısında qoyduğu vəzifələri nəzərə alaraq, ötən ilin sentyabr ayında Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 3500 metr uzunluğunda yeni su gətirici məcranın çəkilməsinə başlanılıb.

Artıq layihə üzrə nəzərdə tutulan işlərin böyük əksəriyyəti başa çatdırılıb. Hazırda yeni Şirvan kanalının baş qurğusunun tikilməsi üçün mühafizə dambasının inşası yekunlaşmaq üzrədir. İşlərin davamı olaraq, bu il 190 kilometr uzunluğunda yeni kanalın çəkilişinə başlanılacaq. Yeni kanal mövcud kanaldan 70 kilometr uzun, beton üzlüklü və su götürmə qabiliyyəti iki dəfə artıq olacaq. Layihənin icrası ilə əkin dövriyyəsinə yeni daxil ediləcək 125 min hektar torpaq sahəsinin su təminatı reallaşacaq.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277