SƏNAYE

Lahıcda 400-dən çox evə qaz sayğacı quraşdırılıb
02 APREL
114

Lahıcda 400-dən çox evə qaz sayğacı quraşdırılıb

2018-04-02 17:05:00

İsmayıllının Lahıc qəsəbəsində turizmin inkişafı, həmçinin burada yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə infrastrukturun yaxşılaşdırılması üçün ciddi tədbirlər görülür. Dövlətimizin başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işlərinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin “İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” 2017-ci il 5 oktyabr tarixli Sərəncamına əsasən qəsəbənin qazlaşdırılması sürətlə davam etdirilir.

Artıq işlərin 60 faizi başa çatıb. Belə ki, 19 min 300 metr uzunluğunda metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 20 min 800 metr uzunluğunda metal borularla paylayıcı qaz xətlərinin çəkilişi yekunlaşıb. 510 fərdi evin 400-dən çoxunda sayğaclar quraşdırılıb. Digər evlərə sayğacların quraşdırılması isə davam etdirilir.

Qaz xəttinin çəkilişi 860 nəfər əhalisi olan Lahıc qəsəbəsi ilə yanaşı, 932 nəfərin yaşadığı qonşu Ərəgit kəndində də aparılır. İşlərin mayın sonunadək başa çatdırılması nəzərdə tutulur.

Dövlətimizin başçısının digər bir Sərəncamı ilə Şamaxının Dəmirçi kəndindən Lahıca 22 kilometr asfalt yol çəkilir. Qəsəbədə, habelə 400 şagird yerlik ümumtəhsil məktəbi üçün bina da tikiləcək.

Çətin coğrafi mövqedə yerləşməsinə baxmayaraq, füsunkar təbiətə malik olan Lahıc istər tarixi abidələri, istərsə də misgərlərin, zərgərlərin, dülgərlərin, xalçaçıların və digər xalq sənəti ustalarının yaratdıqları maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Bütün bunlar isə öz növbəsində Lahıc qəsəbəsinin turizm bölgəsinə çevrilməsində əvəzsiz rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.1043
  • ₽ RUB
    0.0280