SƏNAYE

MDB-də ilk dəfə olaraq Azərbaycanda “Bitki klinikası” açılıb
30 MART
516

MDB-də ilk dəfə olaraq Azərbaycanda “Bitki klinikası” açılıb

2018-03-30 15:46:00

Dünyada çox az sayda ölkələrdə olan “Bitki klinikaları”ndan biri də MDB ölkələri arasında ilk dəfə Azərbaycanda “Aqroservis” şirkətinin nəzdində açılıb.

Martın 30-da şirkətdə keçirilən mətbuat konfransında klinika və bitkilərin sərgi-satış mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Şirkətin baş direktoru Hüseyn Hüseynov insanların, eləcə də heyvanların qidasında və sağlamlığında bitkilərin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Diqqətə çatdırıb ki, “Bitki klinikası”nın əsas fəaliyyəti bitki xəstəliklərinin və zərərvericilərinin diaqnostikası, torpaq və bitki analizi, analizlərin nəticələrinə əsasən tövsiyələrin verilməsi, müvafiq bitki mühafizəsi və digər kənd təsərrüfatı vasitələrinin təchizatı, həmçinin tədris-təcrübə kurslarının təşkilidir.

Şirkətin nəzdində açılan klinikanın fermerlərin işinə böyük dəstək verəcəyinə əminliyini ifadə edən H.Hüseynov qeyd edib ki, bəzi hallarda mütəxəssis rəyi nəzərə alınmadan, dəqiq diaqnoz qoyulmadan bitkilərdə olan zərərvericilərə qarşı mübarizə aparılır. Əslində isə bitkilərin müayinəsi olunmadan, heç bir zərərvericiyə qarşı mübarizə aparıla bilməz. Klinikanın yaradılmasında da məqsəd fermerlərə bitkilərlə bağlı mütəxəssislər tərəfindən tövsiyələr vermək, dəqiq laborator analizləri aparmaqdır.

“Fermer klinikaya və ya rayonlarda fəaliyyət göstərən səyyar mütəxəssislərimizə müraciət edir, onların vasitəsilə yerindəcə baxış keçirilir, əgər orada diaqnoz qoyula bilmirsə, o zaman bizim tövsiyələrimizlə həmin bitkilərdən nümunə götürülərək, klinikaya yoxlanılması üçün gətirilir. Onun diaqnozu qoyulduqdan sonra mütəxəssislərimiz müvafiq resept yazır və klinikadakı aptekdən zəruri dərmanlar alınır”.

Şirkət rəhbərinin sözlərinə görə, bitkiçilikdə istifadə olunan dərmanlar arasında da saxtalarına rast gəlmək olur. Bunun qarşısını almaq üçün bitkilərin müalicəsində istifadə olunan preparatların satışı mərkəzi yaradılıb. Burada əsasən, ABŞ, Belçika, Fransa və İsraildən alınan çox keyfiyyətli dərmanlar satılır.

H.Hüseynov onu da əlavə edib ki, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən bitkiçilik laboratoriyalarının iş prinsipi fərqlidir. Yəni orada yalnız analizlər aparılır, fermerlərə isə lazımi tövsiyələr verilmir. “Bizim klinikanı digərlərindən fərqləndirən daha bir cəhət klinikamızda bir çox həşərat və zərərvericilərin, alaq otlarının, bitki xəstəliklərinin kolleksiyasının olmasıdır. Bundan başqa, fermerlərimizə dəstək olmaq məqsədilə əsas kənd təsərrüfatı bitkiləri üzrə albom yaradılıb”, - deyə şirkət rəhbəri vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256