SƏNAYE

7 min hektara yaxın suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub
29 MART
225

7 min hektara yaxın suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub

2018-03-29 17:05:00

Siyəzən rayonunda 7 min hektara yaxın suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub. Rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda üzüm bağları salınıb, taxıl və yem məhsulları əkilib.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər tam başa çatdıqdan sonra Siyəzən rayonunda 6 min 972 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub. Bununla yanaşı, layihəyə görə 5 min 992 hektar mövcud suvarılan torpaqların su ilə təminatı da yaxşılaşdırılıb.

Siyəzən rayonu ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə görülən işlər, ümumilikdə, 12 min 964 hektar sahəni əhatə edəcək.

Rayonun Yenikənd kəndində təsərrüfat sahibi olan Şirinbala İlyasov bildirir ki, bundan əvvəl fermerlər kənd ərazisində cəmi bir-iki hektar taxıl əkirdilər. Qalan ərazilər isə otlaq sahəsi kimi istifadə olunurdu. Əkilən taxıl sahələrini suvarmaq mümkün olmadığından məhsuldarlıq da çox aşağı idi. İndi isə 100 hektarlarla sahədə arpa, buğda əkilib. Su ilə təmin edilən sahələrdə məhsuldarlığın 30-35 sentner olacağı gözlənilir. Halbuki əvvələr bu göstərici 3 dəfə az idi.

Siyəzəndə mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanalından götürülən suyun hesabına reallaşacaq. Kanallardan götürülən su ümumi uzunluğu 28 min 790 metr olan Ceyranbatan-Siyəzən paylayıcı su kəməri vasitəsilə rayon ərazisinə veriləcək. Bununla yanaşı, layihə çərçivəsində Siyəzəndə 61 min 488 metr qapalı, 15 min 375 metr açıq drenaj şəbəkəsi də qurulub.

Siyəzən rayonu ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə görülən işlər hazırda da davam etdirilir.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278