SƏNAYE

Fermer: "Pambıqçılıqda yüksək məhsuldarlıq vacib şərtdir"
29 MART
109

Fermer: "Pambıqçılıqda yüksək məhsuldarlıq vacib şərtdir"

2018-03-29 10:59:00

Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair martın 26-da Bərdədə keçirilən respublika müşavirəsinin yekunları, müşavirədə ölkə başçısının proqram nitqi Ağsu rayonunun fermerləri tərəfindən də böyük maraqla qarşılanıb. Pambıq əkini kampaniyasına son hazırlıq işlərinin görüldüyü bir vaxtda bu mühüm strateji sahənin inkişafı ilə əlaqədar görülən işlər, qarşıda duran konkret vəzifələr fermerləri daha yüksək məhsul istehsalına ruhlandırıb.

Rayonun Bozavan kəndindən fermer Tofiq Alcanov müsahibəsində deyib: “Pambıqçılıq vaxtilə bizdə ənənəvi sahə olsa da, çox təəssüf ki, ötən əsrin əvvəllərindən başlayaraq unudulmağa başlayıb. 2016-cı ildən ölkəmizdə, o cümlədən Ağsuda pambıqçılığa göstərilən dövlət dəstəyi ixracyönümlü məhsulun sürətli inkişafına təkan verdi. 2017-ci ildə pambıqçılığın inkişafı ilə əlaqədar Dövlət Proqramı qəbul edilib. Satınalma qiyməti 40 qəpikdən 60 qəpiyə qaldırılıb. Bütün bunlar bir fermer kimi mənim də pambıqçılığa marağımı artırıb. Ötən il 133 hektardan 150 ton məhsul götürmüşəm. Əkin sahəsini inişilkinə nisbətən 53 hektar artırmışdım. Bu il 150 hektarda pambıq əkməyi nəzərdə tutmuşuq və artıq bu mühüm kampaniyaya son hazırlıq işləri aparırıq. Aprelin 10-dan sonra çiyid səpininə başlayacağıq”.

Pambıqçılıqda yüksək məhsuldarlığın vacib şərt olduğunu söyləyən T.Alcanov cari ildən məhsuldarlığın artırılması üçün səylə çalışacağını, əkində və becərmədə bütün aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirəcəyini bildirdi. Keçirilən müşavirədə bununla əlaqədar konkret tapşırıqların verildiyini diqqətə çatdıran fermer becərmə və məhsul yığımında 150 nəfərədək işçi qüvvəsinin çalışacağını, yüksək məhsuldarlığın özünün və işçilərin yaxşı qazanc əldə etmələri üçün zəruri olduğunu vurğulayıb.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278