SƏNAYE

Yaz mövsümündə arılara qulluq – mütəxəssis məsləhəti
09 MART
224

Yaz mövsümündə arılara qulluq – mütəxəssis məsləhəti

2018-03-09 15:53:00

Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Yaz mövsümündə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

İyirmi ildən çoxdur arıçılıq sahəsində fəaliyyət göstərən Tərtər rayon sakini Hidayət Ağayev arıçıların yaz qayğıları, yaz mövsümündə arı pətəklərində görülməli olan işlərdən danışıb.

Arıçı mütəxəssis bildirib ki, arıxanada ailələrə baxış günəşli, sakit və havanın temperaturu 15 dərəcədən artıq olan günlərdə aparılmalıdır. Bu zaman ailənin gücü, ana arının varlığı və yaxud səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatı yoxlanmalıdır. Yem ehtiyatı az olan pətəklərə şəkər şərbəti vermək lazımdır. Şərbət pətəklərə qablarda qoyulur. Arıların şərbətə batmaması üçün qabın içərisinə taxta parçaları, yaxud quru ot salmaq lazımdır. Pətəklərə şəkər şərbətinin verilməsində məqsəd ana arının yumurta qoyma qabiliyyətini artırmaqdır. Yazda ana arı nə qədər çox yumurta qoyarsa, arı ailəsi güclü, arıların sayı isə çox olar. Bu isə məhsul istehsalında əsas göstərici sayılır.

Hidayət Ağayev bildirib ki, arı pətəyinə baxış zamanı ana arıya xüsusi diqqət yetirilməlidir. Pətəkdə sürfələr aralarda boş gözlər olmaqla qoyulubsa, bu, ana arının yaşlılığının və ya səmərəsizliyinin işarəsidir. Cavan və səmərəli ana boşluq buraxmadan yumurta qoyur. Yaşlanmış, yumurta qoyma bacarığı azalmış ana arılar yenisi ilə əvəzlənməlidir.

Mütəxəssis arı xəstəliklərindən danışarkən qeyd edib ki, yaz yoxlanışı zamanı pətəklərdə arı xəstəliklərinin olub-olmamasına nəzarət etmək də vacibdir. “Arı xəstəliklərinin vaxtında aşkarlanmaması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi arı ailəsinin məhv olmasına gətirib çıxarır. Bundan başqa xəstəliklər nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq da aşağı düşür. Pətəkdəki arakəsmələr, çərçivələrin üstü, pətəyin daxili divarları və uçuş bacasının ətrafı arıların ifrazatı ilə çirklənibsə, bu, nozematoz və ya ishal xəstəliyinin göstəricisidir. Bu xəstəlik arıların bağırsağında inkişaf edir. Xəstə arıların uçma qabiliyyəti azalır, şan üzərində dayana bilməyib pətəyə tökülərək onun içərisində və ətrafında sürünürlər. Xəstəliyin müalicəsində nozemat, nozematol, fumaglin, okstetrasiklin, bitsilin kimi preparatlardan istifadə olunmalıdır”, - deyə tərtərli arıçı vurğulayıb.

Yaz mövsümündə pətəklərdəki köhnə çərçivələr dezinfeksiya olunmalı və ya yenisi ilə əvəzlənməlidir. Köhnə, qaralmış şanlarda qovucuqlar daralır ki, bu da arıların cır olmasına gətirib çıxarır. Bundan başqa, belə şanlar infeksiya mənbəyidir. Arıçı bildirib ki, belə halla rastlaşdıqda şanlar hidrogen peroksid, qarışqa turşusu və sirkə turşusu ilə dezinfeksiya edilməlidir. Köhnə şanlar mum güvəsinin inkişafında da əlverişli şərait yaradır. Mum güvəsi ilə mübarizə məqsədilə sirkə turşusundan və ya təbii vasitə kimi qoz yarpağı və yovşandan, həmçinin kükürd tüstüsündən də istifadə etmək olar.

Yazda havalar isindikcə ana arı daha çox yumurta qoyur və pətəkdə cavan arıların sayı artır. Ona görə də ailənin inkişafına şərait yaratmaq üçün əlavə çərçivələrin qoyulması yolu ilə yuva genişləndirilməlidir.

Hidayət Ağayevin təsərrüfatında hazırda 40-a yaxın arı ailəsi var. Hər arı ailəsindən 10 kiloqramadək bal götürən arıçı təsərrüfatını daha da inkişaf etdirmək fikrindədir. “Dövlət başçısı tərəfindən arıçılığın inkişafının stimullaşdırılması məqsədilə Sərəncam imzalanması, arıçılıqla məşğul olan şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilməsi bu sahəyə marağı daha da artırıb. Biz arıçılar arıçılığın inkişafına göstərilən dövlət qayğısından, bu məqsədlə verilən Sərəncamdan ruhlanaraq, təsərrüfatımızı daha da genişləndirəcək və arıçılıq məhsulları istehsalında yüksək nəticələrə nail olmağa çalışacağıq”, – deyə təcrübəli arıçı bildirib.

©Azərtac

Eləcə də bax: Sabirabad Sənaye Məhəlləsinin tikintisinə başlanılacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267