SƏNAYE

Fermerlər mütərəqqi becərmə texnologiyasının üstünlükləri barədə maarifləndirilib
07 MART
294

Fermerlər mütərəqqi becərmə texnologiyasının üstünlükləri barədə maarifləndirilib

2018-03-07 11:16:00
Tərtər rayonunda keçirilən elmi-praktik təlimdə günəbaxan və şəkər çuğundurunun məhsuldarlığının artırılmasında mütərəqqi becərmə aqrotexnologiyasının üstünlüklərindən danışılıb.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən təlimdə alimlər, günəbaxan və şəkər çuğunduru becərilməsi ilə məşğul olan fermerlər iştirak ediblər.
Tədbirdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Azad İbrahimov çıxış edərək, fermerləri maarifləndirmək məqsədilə təşkil olunan təlimin əhəmiyyətindən danışıb. Bildirib ki, bu il respublikanın altı bölgəsində belə təlimlərin keçirilməsi nəzərdə tutulur. Artıq Şəmkir, Ağstafa, Bərdə rayonlarında kartofçuluq, taxılçılıq və pambıqçılığa həsr olunmuş təlimlər keçirilib. Növbəti təlimlər “Üzümçülükdə xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri”, “Meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri” mövzularında Göygöl və Xaçmaz rayonlarında təşkil olunacaq.
İnstitutun informasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Mahirə Vəliyeva həm şəkər və yağ istehsalında, həm də heyvandarlıqda yem kimi istifadə olunan günəbaxan və şəkər çuğundurunun son illərdə əkin sahələrinin genişləndiyini bildirib. Diqqətə çatdırıb ki, 2017-ci ildə Tərtər rayonunda 1541 hektar sahədə şəkər çuğunduru, 1637,4 hektarda günəbaxan becərilib. Sahələrdən 65 min 727,5 ton şəkər çuğunduru, 3830,3 ton günəbaxan istehsal edilib.
Böyük elmi işçi İsmayıl Vəliyev “Günəbaxan bitkisinin məhsuldarlığının artırılmasında mütərəqqi becərmə aqrotexnologiyası”, aqrotexnologiya şöbəsinin müdiri Dilarə Marlamova “Şəkər çuğunduru bitkisinin məhsuldarlığının artırılmasında mütərəqqi becərmə aqrotexnologiyası”, entomologiya şöbəsinin müdiri Kazım Hüseynov “Günəbaxan və şəkər çuğunduru bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı müasir mühafizə üsulları” mövzularında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Müzakirələrlə davam edən təlimdə fermerləri maraqlandıran suallar cavablandırılıb. Tədbir iştirakçılarına mövzu ilə bağlı təlim modulları, CD disk və maarifləndirici bukletlər verilib.

Eləcə də bax: Leysan düyü istehsalının azalmasına səbəb olub

© Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255