SƏNAYE

Bu ildən Azərbaycana “Boeing 737 MAX” təyyarələri gətiriləcək
25 FEVRAL
363

Bu ildən Azərbaycana “Boeing 737 MAX” təyyarələri gətiriləcək

2018-02-25 17:23:00

 “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin dəvəti ilə ABŞ-ın “Boeing Commerical Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Makalister Bakıda işgüzar səfərdədir. Danışıqlar zamanı tərəflər çoxillik əməkdaşlıq çərçivəsində yaranmış möhkəm tərəfdaşlıq münasibətlərindən razılığını bildirib.

AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib ki, “Boeing” korporasiyası ilə əməkdaşlıq strateji xarakter daşıyır. İlk dəfə 2000-ci ildə AZAL-ın təyyarə parkına “Boeing 757-200” markalı təyyarələr əlavə edilib. Həmin dövrdə “Boeing” korporasiyası təlimatçı heyət və proqram təminatı vasitəsilə bu tip təyyarənin öyrənilməsi və xidmət olunması, həmçinin “B757/767” təyyarələri üçün yerüstü trenajorların öyrənilməsi işində böyük köməklik göstərib.

Sonrakı illərdə isə AZAL-ın donanmasına “Boeing 767-300ER” hava gəmiləri, daha sonra isə ən müasir “Boeing 787 Dreamliner” laynerləri əlavə edilib. Sərnişindaşıma ilə yanaşı, yük aviadaşımaları da dinamik inkişaf edir. Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way Airlines” şirkəti 2010-cu ildən etibarən hava gəmiləri parkını “Boeing 747 F” tipli yük təyyarələri ilə zənginləşdirib, 2014-cü ildən etibarən isə aviaşirkət ən yeni “Boeing 747-8F” yük təyyarələrini istismar etməyə başlayıb ki, bu ona beynəlxalq yük daşımalarının aparıcı oyunçularından biri olmağa imkan verib.

Eləcə də bax: Füzuli aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub

Yaxın vaxtlarda AZAL-ın sərnişinləri daha bir yeni nəsil avialaynerdə səyahət edə biləcəklər. Belə ki, “Boeing” korporasiyası ilə imzalanmış sazişə əsasən, bu ildən Azərbaycana “Boeing 737 MAX” təyyarələrinin gətirilməsinə başlanılacaq, 2020-ci ilin sonuna qədər isə onların sayı 10-a çatdırılacaq. 2022-ci ilin sonuna qədər isə ölkəyə daha 4 ədəd “Boeing 787-8” tipli təyyarənin gətirilməsi gözlənilir. Öz növbəsində, K.Makalister “Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirib və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. Danışıqlar zamanı həmçinin Azərbaycan mülki aviasiyasının istismarında olan bütün növ “Boeing” təyyarələrinin bizim texniki mərkəzin iştirakı ilə gələcək istismarı və texniki xidməti məsələlərinə də toxunulub. Səfər çərçivəsində qonaqlar son illərdə tikilmiş və yenidən qurulmuş Azərbaycanın mülki aviasiya obyektləri ilə – Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1), “Baku Cargo Terminal” yük terminalı, “Silk Way Business Aviation” biznes aviasiya terminalı, bütün növ hava gəmiləri təmiri və xidməti kompleksi “Silk Way Technics” və digərləri ilə tanış olublar. 

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249