SƏNAYE

Şəmkirdə fermerlər üçün elmi-praktiki seminar keçirilib
15 FEVRAL
263

Şəmkirdə fermerlər üçün elmi-praktiki seminar keçirilib

2018-02-15 16:53:00

Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Aqrar Məsləhət Xidmətinin (AMX) bir qrup mütəxəssisinin, istixana şəraitində pomidor becərən fermerlərin və yerli kənd təsərrüfatı qurumlarının iştirakı ilə növbəti elmi-praktiki seminar keçirilib.

Seminarı açan Aqrar Məsləhət Xidmətinin rəhbəri Vüqar Bəşirov aqrar sahəyə dövlət qayğısından danışıb, bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün alimlərin tədqiqat nəticələrinin istehsalatda tətbiqinin vacibliyini vurğulayıb. O, AMX-nin məqsədi, vəzifələri, fəaliyyət istiqamətləri haqda məlumat verib, universitetin torpaq və bitki analizlərini həyata keçirən müasir laboratoriyalarının, xəstəlik və digər patologiyaların diaqnostikasını yüksək dəqiqliklə yerinə yetirən bitki və baytarlıq klinikalarının və yenilənmiş maşın-traktor parkının imkanlarından danışıb. Vüqar Bəşirov, həmçinin fermerlərin aqrar sahənin inkişafında vacib rol oynayan iqtisadiyyatyönümlü xidmətlərdən (aqrar sığorta, biznes planlaşdırma, mühasibatlıq və sair) yararlanmasını tövsiyə edib.

Qeyd olunub ki, AMX-nin təklif etdiyi xidmətlərin qiyməti fermerlər üçün əlçatandır, xidmətin mütəxəssisləri xarici mütəxəssislərdən fərqli olaraq yerli torpaq-iqlim şəraitini daha yaxşı bildiyi üçün problemlərin həllində tez və düzgün qərar verə bilirlər.

Xidmətin mütəxəssisi Fariz Ələkbərovun “Pomidor istehsalında mütərəqqi texnologiyanın və biopreparatların tətbiqi”nə həsr olunmuş təqdimatı fermerlər tərəfindən maraqla qarşılanıb. Mütəxəssis xüsusilə vurğulayıb ki, fermerlər bəzən qida elementlərinin çatışmazlığı və ya istixanada su, hava, istilik və işıq rejiminin pozulması ilə bağlı problemləri infeksion xəstəlik kimi başa düşür və bu kimi hallarda kimyəvi dərmanlardan istifadə edirlər. Nəticədə isə problem həll olunmayaraq əvvəlki kimi qalır. Yüksək məhsul əldə etmək üçün keyfiyyətli əkin materialının əhəmiyyətindən danışan mütəxəssis şitil yetişdirməyin qaydaları və praktik üsullar haqda fermerləri məlumatlandırıb. Fariz Ələkbərov pomidor becərilməsində mütərəqqi texnologiyaların tətbiqi haqda praktik bilikləri seminar iştirakçıları ilə bölüşüb və fermerlərin suallarına ətraflı cavab verib.

Pomidor bitkisinin xəstəlikləri barədə çıxış edən mütəxəssis Aytəkin Məmmədova örtülü və açıq şəraitdə becərilən pomidor əkinlərində ən çox rast gəlinən yoluxucu xəstəliklərin əlamətləri, fərqləndirici xüsusiyyətləri və müalicə üsulları haqda seminar iştirakçılarını məlumatlandırıb. Bundan başqa, mütəxəssis istixanada xəstəliklərin inkişafına mane olmaq üçün istilik və havalanma rejiminin düzgün nizamlanmasının vacibliyini fermerlərin diqqətinə çatdırıb.

AMX-nin mütəxəssisi Vüsal Məmmədov “Kənd təsərrüfatı bitkilərinə zərər vuran nematodlar və onların idarəedilməsi” mövzusunda məruzə edərək, bitkilərin köklərində parazitlik edən mikroskopik qurdlar – fır nematodları haqda ətraflı məlumat verib. Nematodların bitkiyə vurduğu zərərin (məhsul itkisi) miqyası, bitki nematodlarının yayılma yolları, kökün nematodla sirayətlənməsinin simptomları və onun təyini metodları müzakirə edilib.

Şəmkir Bitki Mühafizə Mərkəzinin əməkdaşları fermerlərlə belə görüşlərin keçirilməsinin faydalı olduğunu və aqrar sahədə məhsuldarlığın yüksəldilməsi üçün universitetin məsləhət xidməti ilə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Seminarın sonunda iştirakçılar universitetin mütəxəssislərinin tövsiyə etdiyi mütərəqqi texnologiyaların istehsalatda tətbiq imkanlarını qiymətləndiriblər. Fermerlər yerlərdə torpaq, su və bitkilərin tərkibinin analizinə, xəstəlik və digər zərərli orqanizmlərin laboratoriya şəraitində diaqnostikasına böyük tələbat olduğunu söyləyib və Aqrar Məsləhət Xidməti ilə mütəmadi əməkdaşlıq edəcəklərini bildiriblər.

Eləcə də bax: Ağdam, Ağstafa və Qazaxda araşdırma aparılır

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259