SƏNAYE

Çay emalı müəssisələri yaradılacaq
12 FEVRAL
288

Çay emalı müəssisələri yaradılacaq

2018-02-12 19:18:00

Azərbaycanda 2027-ci ilədək çay bitkisinin əkin sahələri 3000 hektara, yaşıl çay yarpağı yığımı 8,5 min tona çatdırılması planlaşdırılır.

 Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

 Dövlət Proqramında qeyd edilib ki,  çay bitkisi Azərbaycanda ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Bu sahənin inkişafı 70-80-ci illərdə daha da sürətlənib, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilib. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılıb. Eyni zamanda ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaradıb, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin edib. Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilib ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.

Dövlət Proqramında bildirilir ki, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlayıb və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşüb. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatıb.

Dövlət Proqramında Azərbaycanda çayçılığın inkişafı aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur:

-  çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması;

- toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi;

- çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması;

- çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması;

- mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi;

- çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.

Apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254