SƏNAYE

Fermerlər istehsal etdiyi məhsulu online qaydada necə sata bilər?
09 FEVRAL
563

Fermerlər istehsal etdiyi məhsulu online qaydada necə sata bilər?

2018-02-09 16:34:00

tedaruk.az” “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na uyğun olaraq yaradılıb. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mətbuat xidmətindən Fins.az-a bildirilib ki, portalın əsas funksiyası istehsalçılara, satıcılara və dövlət satınalan təşkilatlarına öz təklif-tələbatlarını şəffaf yerləşdirmək üçün virtual məkan açmaqdır. Portal vasitəsi ilə ölkə üzrə bütün tələb və təklifləri bürokratik əngəllərlə üzləşmədən, şəffaf şəkildə bir məkanda toplamaq, analiz etmək və icrasını təmin etməkdir.  

Portalın əsas iş funksiyası: satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elan Nazirlər Kabinetinin müəyyən etdiyi formada hər il avqustun 1-dək elektron portalda ( www.tedaruk.az) yerləşdirilir. Satınalma qiymətləri elanın yerləşdirildiyi vaxt üçün ərzaq məhsullarının topdansatış bazar qiymətlərindən aşağı olmamalıdır. Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müəyyən edir. Hər iki nazirlik rübdə bir dəfədən az olmayaraq ərzaq məhsullarının hər bir növü üzrə topdansatış bazar qiymətlərini müəyyən etmək üçün araşdırmalar aparır. Məhsulların qiyməti sonradan dəyişdikdə qiymətlərə yenidən baxılmalıdır. Qaydalara əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialı və onlar barədə məlumatları özünün rayon və şəhər idarələri vasitəsilə toplayır və elektron portalda yerləşdirir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulunu satmaq arzusunda olan istehsalçı öz adını elektron portalda aşkar etmədikdə, o, özü fərdi qaydada Kənd Təsərrüfatı Nazirliyinə və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan istənilən “ASAN xidmət” mərkəzinə və ya tədarük və təchizat agentinə müraciət edə bilər. Müraciət edildiyi halda həmin istehsalçı ilə bağlı məlumatlar dərhal elektron portala əlavə edilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir. ”Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC elektron portalda yerləşdirilən istehsalçıların fəaliyyətinin monitorinqini aparmaq və onlardan istehsal imkanları barədə yazılı və şifahi məlumatlar almaq hüququna malikdir. Portalda yerləşdirilən istehsal həcmini təmin etmək imkanı olmadığı barədə əsaslı faktlar əldə etdikdə, elektron portalda olan məlumatlarda düzəliş edilir və bu barədə həmin istehsalçıya məlumat verilir. Qaydalarla təsdiq olunub ki, elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan çox olduqda yerli istehsalçılara üstünlük verilir. Qaydalar eyni zamanda, imkan verir ki, istehsal edilən məhsullar tələbatdan az olduqda Səhmdar Cəmiyyət müəyyən edilmiş qiymətlər çərçivəsində digər şəxslərdən alsın, bu mümkün olmadıqda isə idxal etsin. Tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və satıcıları arasında hər il oktyabrın 1-dək növbəti il üçün müqavilə bağlanmalıdır.

Ötən il 376 istehsalçı və satıcı şirkətlə (o cümlədən, fiziki şəxslə) ərzaq məhsullarının satın alınması məqsədilə müqavilələr bağlanmış, onların əsasında alınan 173 adda ərzaq məhsullarının 863 dövlət satınalan təşkilatı üzrə 1865 məntəqəyə çatdırılması işi təşkil olunmuşdur. 2017-ci il ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlar 18 məhsul kateqoriyası üzrə 97 milyon manatlıq ərzaq məhsulları ilə təchiz edilmişdir. Bunun böyük hissəsi yerli istehsalçılardan alınmışdır ki, bu böyük həcmində vəsaitin yerli istehsalçıların dövriyyəsinə daxil olması deməkdir. 2017-ci ilin nəticələrinə görə, bir il ərzində “Satınalan təşkilatların ərzaq məhsullarına olan tələbatı” elektron portalında istehsalçılar tərəfindən 173 məhsul növü üzrə 6340 təklif yerləşdirilmiş, bunlardan 3700-ü potensial istehsalçı, 2640-ı isə satıcı-idxalçı tərəfindən irəli sürülmüşdür. Təklif verənlərin ümumi sayı 1263 olmuşdur ki, bunun da 927 nəfəri fiziki, 336 nəfəri isə fiziki şəxs idi.

Eləcə də bax: Dövlət müəssisələrinə 96 milyon manatlıq ərzaq verilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254