SƏNAYE

SOCAR və "Petrofac" birgə müəssisə yaradıb
05 DEKABR
144

SOCAR və "Petrofac" birgə müəssisə yaradıb

2017-12-05 11:51:00

Bu gün "Petrofac" və SOCAR ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə birgə müəssisənin yaradılmasına dair təsis müqaviləsini imzalayıblar.

Fins.az xəbər verir ki, müqaviləyə əsasən SOCAR-ın səhm payı 51%, "Petrofac" şirkətinin payı 49% nisbətində müəyyən edilib.

Müqaviləni SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Petrofac"ın Beynəlxalq mühəndislik və istehsalatın təlim xidmətlərinin rəhbəri Karim Osseiran imzalayıblar.

Birgə müəssisənin yaradılmasında hər iki şirkətin məqsədi, öz imkanlarından istifadə edərək, neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrində çalışan işçilər üçün sınaqdan çıxmış, daha mükəmməl və müasir proqramlar əsasında təlim və tədris xidmətləri göstərəcək. 

Qeyd edək ki, son illərdə SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi OPITO, IOSH və s. kimi dünyanın tanınmış təşkilatların standartlarına uyğun təlimlər həyata keçirməkdədir. Təlimlərin keçirilməsi üçün zəruri olan yüksək keyfiyyətli avadanlıqları quraşdırmaqla yanaşı, SOCAR son illərdə təklif olunan təlim növlərinin əhatə dairəsini dayanmadan genişləndirir. "Petrofac" birgə müəssisənin fəaliyyətinə öz geniş texniki təlim metodikası və rəqəmsal texnologiyaya əsaslanan unikal təlim qurğularının layihələndirilməsi, tikintisi və istifadəsi sahələrində zəngin təcrübəsi ilə töhfə verəcək. Şirkət həmçinin akademik təhsil və istehsalat arasında davamlı əlaqələri daha da dərinləşdirmək məqsədi ilə SƏTƏM, mühəndislik, tikinti, əməliyyat, təmir və qazma sahələrində işçi heyətin bilik, bacarıq və səriştələrinin inkişafı üçün əlavə imkanlar təqdim edəcək. 

Təlimlərin təşkilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin infrastrukturundan istifadə olunacaq. SOCAR ölkənin neft-qaz sənayesində həyata keçirdiyi milliləşdirmə təşəbbüsünü diqqətə alaraq, yeni birgə müəssisə çərçivəsində müxtəlif layihələrin, o cümlədən SOCAR təlim mərkəzlərinin yaradılması və fəaliyyəti istiqamətində daha əvvəl topladığı təcrübələrini yeni birgə müəssisə çərçivəsində tam tətbiq edə biləcək. 

SOCAR öz rəqabət qabiliyyətini gücləndirərək, beynəlxalq şirkətlərin personalı üçün təlim və sertifikatlaşdırılma xidmətləri həyata keçirmək imkanını əldə edəcək, bununla da sərəncamında olan təlim mərkəzlərinin kommersiya potensialını daha dolğun şəkildə reallaşdıracaq. "Petrofac" şirkəti isə yaradılan birgə müəssisə vasitəsi ilə Azərbaycanda daha dayanıqlı və səmərəli biznes qurmağa nail olacaq. 

K.Osserian deyib ki, "Petrofac" şirkətinin SOCAR tərəfindən tərəfdaş seçilməsi bizim üçün qürurvericidir: "Birgə müəssisəmizin yaradılması malik olduğumuz səriştəlikləri, lokal bilikləri və geniş potensiallarımızı bir araya gətirəcək. Bununla da peşə təlimləri sahəsində yeni sıçrayış üçün zəmin yaradılacaq və SOCAR-ın milli kadrların yetişdirilməsi proqramının yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək". 

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov isə qeyd edib ki, bu, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan növbəti addımdır: "Təlim və tədris sahəsində xidmətlər göstərən dünya şöhrətli "Petrofac" şirkəti ilə əməkdaşlığın qurulmasının həm SOCAR, həm də ölkə sənayesi üçün uğurlu və faydalı olacağına inanırıq. SOCAR-"Petrofac" birgə müəssisəsi şirkətlərimizin bu sahədə olan potensiallarının daha dolğun şəkildə reallaşmasına səbəb olacaq. Milli kadrların inkişafına xidmət edən Birgə müəssisəmizin Azərbaycanda və gələcəkdə bütün regionda kadr potensialının artırılması, eləcə də işçi qüvvəsinə olan tələbatın daha dolğun ödənilməsi baxımından dayanıqlı və uğurlu təşəbbüs olacağına əminik".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289