SƏNAYE

“Azərneftyağ”ın sökülməsi 2021-ci ilə yekunlaşacaq
01 DEKABR
270

“Azərneftyağ”ın sökülməsi 2021-ci ilə yekunlaşacaq

2017-12-01 16:28:00

 Keçmiş "Azərneftyağ" neft emalı zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan ELOU-AVT (neftin ilkin emalı) qurğusu vakuum bloku ilə birlikdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (BNEZ) köçürüləcək.

Fins.az xəbər verir ki, bunu BNEZ-in baş mühəndisi Rasim İbrahimov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilə köçürülmə və BNEZ-dəki modernizasiya işlərinin yekunlaşması gözlənilir: “ELOU-AVT qurğusunun köçürülməsinə görə, keçmiş “Azərneftyağ” zavodunun demontajı 2021-ci ilə yekunlaşacaq. Əvvəl modernizasiya və yenidənqurma işləri çərçivəsində Heydər Əliyev adına BNEZ-dəki mövcud ELOU-AVT qurğusunun məhsuldarlığının 6 mln. tondan 7,5 mln. tona kimi artırılması nəzərdə tutulurdu. Lakin sonra qərar qəbul olundu ki, 40 ildir işləyən bu qurğu yüngül rekonstruksiya olunsun, onun istilik effekti artırılsın, lakin qurğunun məhsuldarlığı qaldırılmasın”, - deyə baş mühəndis qeyd edib.

O bildirib ki, bu qərar Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin yeni seysmik davamlılıq tələbləri ilə əlaqədar qəbul edilib: “Həmin tələblərə əsasən, bütün yeni qurğuların seysmik davamlılığı 8,2 bal gücünə kimi hesablanmalıdır. Mövcud qurğular isə 7,2 bala kimi hesablanıb. Əgər hər hansı qurğuya əlavə təsir qüvvəsi əmələ gəlirsə, yük əlavə olunursa, yaxud məhsuldarlığı qaldırılırsa, onun hesabatı 8,2 bala aparılmalıdır. Həmin qurğuların 8,2 bala yenidən hesabatı alınmadığına görə, ELOU-AVT qurğusunu “Azərneftyağ”dan BNEZ-ə köçürməklə bağlı qərar verməli olduq”.

O, BNEZ-də həyata keçirilən yenidənqurma və modernizasiya işləri barədə məlumat verərək qeyd edib ki, 4 qurğu modernizasiya ediləcək, 12 qurğu isə yenidən inşa olunacaq.

Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda neftin ilkin emalı üzrə əsas qurğusu ELOU-AVT-6 ildə 6 mln. ton xam neft emal etmək gücünə malik olan, neftin qabaqcadan duzsuzlaşdırılması və benzinin təkrar qovulması blokları olan kombinə olunmuş atmosfer-vakuum qurğusudur. Qurğu 1976-cı ildə Bakı neftayırma zavodlarının köklü yenidən qurulması planına uyğun olaraq qurulub.

BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin üç mərhələdə (bitum, dizel və benzin) icrası nəzərdə tutulub. Zavodda modernizasiya və yenidənqurma işlərindən sonra emal gücü hazırkı illik 6 mln. tondan 7,5 mln. tona çatıdırılacaq. Hazırda zavodda illik istehsal gücü 400 min ton yeni bitum qurğusu inşa olunur və qurğu gələn ilin III rübündə istifadəyə veriləcək. Dizel mərhələsinin 2020-ci il noyabrın 30-da, benzin mərhələsinin isə 2021-ci il fevralın 28-də yekunlaşacağı gözlənilir.

Görülən işlərdən sonra müəssisədə istehsal olunacaq avtomobil benzininin illik istehsal həcmi 2,2 mln. ton, dizel yanacağının 3 mln. ton, ağ neftin isə 1 mln. ton təşkil edəcək.

Xatırladaq ki, SOCAR prezidentinin 2014-cü il 24 dekabr tarixli əmrinə əsasən, “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən Heydər Əliyev adına BNEZ-ə qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb. "Azərneftyağ"dakı bütün qurğular söküldükdən sonra burada təmizlik işləri aparılacaq və ərazi "Ağ Şəhər" layihəsinə veriləcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289