SƏNAYE

SOCAR: “Neft Daşları”nda 630 metr uzunluğunda estakada təmir olunub
28 NOYABR
113

SOCAR: “Neft Daşları”nda 630 metr uzunluğunda estakada təmir olunub

2017-11-28 15:43:00

“Neft Daşları”nda əməyin təhlükəsizliyi və neftçilərin iş şəraitinin daha da yaxşılaşdırılması məqsədilə 630 metr uzunluğunda estakada təmir edilib.

SOCAR-dan bildirilib ki, əməyin təhlükəsizliyinin daha da gücləndirilməsi, neftçilərin iş şəraitinin yaxşılaşdırılması, neft-qaz hasilatının stabilləşdirilməsi və artırılması məqsədilə “Azneft” İstehsalat Birliyi (İB) tərəfindən istismar olunan qurğuların təmiri daim diqqət mərkəzindədir. Tarixdə ilk dəniz platforması olmaqla yanaşı, bu gün də ölkəmizin neft-qaz hasilatında böyük rol oynayan “Neft Daşları” yatağında da mühüm təmir-bərpa işləri davam etməkdədir. Belə ki, 617A saylı estakadayanı meydançaya giriş estakadası əsaslı təmir olunub. Estakadayanı meydançada hazırda 9 quyu fəaliyyət göstərir və quyulardan sutkada 45 ton neft hasil edilir. Bundan əlavə, yataqda daha bir estakada təmir edilib, işlər zamanı möhkəmləndirici svaylar vurulub, rigellər, oturacaqlar quraşdırılıb, məhəccər çəpəri çəkilib. Təmirdən sonra yataqdakı meydançalara gediş-gəliş xeyli asanlaşıb, quyuların təhlükəsiz istismarı, hasil olunan neftin, qazın nəqli, avadanlıqların enerji ilə təchizatı daha da yaxşılaşdırılıb.

“Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abbasov deyib: “Bu gün SOCAR-ın hasilat göstəricilərində dəniz yataqlarının rolu danılmazdır. “Neft Daşları” dünyada dənizdə ilk neft platforması olmasına baxmayaraq, bu gün də hasilat tempini artırmaqda davam edir. Yatağa sanki ikinci həyat verilib. Bu istiqamətdə əzmkar neftçilərimizin əməyini xüsusi vurğulamaq lazımdır. Onların meydançalara gediş gəlişinin, iş şəraitinin daha da yaxşılaşdırılması üçün estakadaların təmiri hər zaman diqqətdə olan məsələlərdəndir”.

Bu il ərzində SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyi üzrə ümumilikdə 920 metr uzunluğunda estakada əsaslı təmirdən sonra istismara verilib. Təmir olunan estakadaların hamısı “Neft Daşları” yatağındadır.

Dəniz mədənlərində əməyin mühafizəsinin ümumi gücləndirilməsi üçün SOCAR tərəfindən görülən geniş miqyaslı tədbirlər davam edir. Estakadaların əsaslı təmiri, eyni zamanda, neft-qaz meydançalarının istismara yararsız estakadalardan ayrılması kimi geniş miqyaslı təmir-bərpa işləri ilə yanaşı həm də, mütəmadi olaraq, dənizdə çalışan əməkdaşlar üçün beynəlxalq standartlara cavab verən Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə (BOSIET) təlimlər də həyata keçirilir.

Cari ilin ötən dövrü ərzində “Neft Daşları”nda 8 meydança zərurət yarandığı üçün estakadadan ayrılıb, 2 ədəd meydançalararası estakada kəsilərək ləğv edilib. Eyni zamanda, N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) də 8 meydança birləşdiyi estakadalardan ayrılıb. Bununla da, neftçilərin təhlükəsiz iş rejimi daha da gücləndirilib, hidrotexniki qurğuların istismar müddəti artırılıb.

Qeyd edək ki, son 3 il ərzində ümumi uzunluğu 6 min 459 metr estakada əsaslı təmir edilərək istismara təhvil verilib. Ümumiyyətlə, 2014-2016-cı illərdə 56 obyekt (estakada, özül, estakadayanı meydança və sair) üzrə təmir-bərpa işləri həyata keçirilib. Bununla yanaşı BOSIET təlimlərində 2011-ci ildən bəri 36 mindən çox SOCAR əməkdaşı iştirak edib. Gələcəkdə də bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289