SƏNAYE

ÜDM-in həcmində artım gözlənilir
08 NOYABR
146

ÜDM-in həcmində artım gözlənilir

2017-11-08 14:20:00
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 50,1 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 5149.4 manat təşkil etmişdir və burada neft-qaz sektorunun xüsusi çəkisi 37,4%-dir.
2017-ci ilin yanvar-sentyabr aylarında ÜDM-in qeyri-neft sektoru real ifadədə 2,5% artmışdır (2016-cı ilin yanvar-sentyabr aylarında 6,1% azalmışdı). Qeyd edək ki, 2016-cı ilin müvafiq dövrünə nisbətən 2017-ci ilin yanvar-sentyabr aylarında:
- qeyri-neft sənayesi 3,7%,
- rabitə sahəsi 6,2%,
- turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 3,2%,
- ticarət sahəsi 2,1%,
- kənd təsərrüfatı 2,8%,
- tikinti 1,5%, nəqliyyat
- anbar təsərrüfatı 5,8% artmışdır. Qeyd olunan dövr ərzində ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 11 milyard 090.8 milyon manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 40,5%-ni daxili investisiyalar, 59,5%-ni isə xarici investisiyalar təşkil etmişdir.
Bu ilin doqquz ayında əsas kapitala yönəldilmiş ümumi investisiyaların 4 milyard 623 milyon manatı (41,7%-i) qeyri-neft bölməsinin, 6 milyard 467,8 milyon manatı isə (58,3%-i) neft bölməsinin inkişafında istifadə edilmişdir.
Cari ilin yanvar-iyun ayları ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 18 milyard 986 milyon manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 56,2%-i sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür. Həmin dövrdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7% artmışdır. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 60,3% təşkil etmişdir. Qeyri-neft sektorunun alt sahələri üzrə ÜDM-ə ən çox müsbət töhfə verən sahələr nəqliyyat və anbar təsərrüfatı, eləcə də qeyri-neft sənayesi olmuşdur.
«Moody’s Investors Service» bank qrupunun direktoru Yaroslav Sovqiranın sözlərinə görə, 2017-2018-ci illərdə Azərbaycanda adambaşına ÜDM-in həcmi 4 min dollardan çox təşkil edəcək. Təşkilatın qiymətləndirməsinə əsasən, analoji dövrdə Rusiyada ÜDM-in həcmi 10 min dollardan, Qazaxıstanda 8 min dollardan, Belarusda 6 min dollardan, Ukraynada isə 2 min dollardan artıq olacaq.
İqtisadçı ekspert Vüqar Bayramov: «Nəzərə alsaq ki, 2018-ci ildə Azərbaycanda 1,5% iqtisadi artım proqnozlaşdırılıb və bu artım yalnız Azərbaycan hökuməti tərəfindən deyil, eyni zamanda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən də qəbul olunub, deməli, ölkənin 2018-ci ildən iqtisadi artım fazasına qədəm qoyacağı gözlənilir. Bu konteksdən yanaşılsa, 2017-ci il sabitlik ili oldu. Təbii ki, iqtisadi artım ÜDM-in, o cümlədən adambaşına düşən ÜDM-in həcminə də təsir göstərir. 2015-ci ildə Azərbaycanda baş verən devalvasiyadan sonra adambaşına düşən ÜDM-in həcmində dollar ifadəsinə münasibətdə iki dəfəyədək azalmalar müşahidə olundu. Hazırda yaranmış iqtisadi sabitlikdən sonra iqtisadi artımın bərpa edilməsi, adambaşına düşən ÜDM-in həcminin artması mümkündür».
Ekspertin rəyinə əsasən, burada manatın dollara nisbətdə məzənnəsi çox önəmlidir: «Mərkəzi Bank tərəfindən manatın məzənnəsi orta və uzunmüddətli dövrdə saxlanılarsa və bu, həmçinin iqtisadi artımla təmin olunarsa, növbəti illərdə adambaşına düşən ÜDM-in artacağını görə bilərik. Hazırda Azərbaycanın ÜDM həcminə görə rəqabət apardığı ölkələr Qazaxıstan və Belarusdur. Növbəti dövrlərdə də makroiqtisadi sabitliyin qorunması və iqtisadi artımın bərpası Azərbaycanın MDB-də ilk üçlüyə daxil olmasına imkan yarada bilər. Növbəti illərdə də iqtisadi artım proqnozlaşdırıldığına görə, makroiqtisadi sabitlik fonunda Azərbaycan yenidən adambaşına düşən ÜDM həcmində artımları bərpa edəcək».
 
© vergiler.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287