SƏNAYE

TANAP 86 faiz tamamlandı
31 OKTYABR
135

TANAP 86 faiz tamamlandı

2017-10-31 15:50:00

Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin 86 faizi tamamlanıb.

Bu barədə eksklüziv açıqlamasında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O bildirib ki, Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlərin 93 faizi görülüb. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlərin isə 70 faizi görülüb. Bununla da, ümumilikdə TANAP layihəsi çərçivəsində bütün işlərin təxminən 86 faizi icra olunub”, - deyə S.Düzyol əlavə edib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291