SƏNAYE

TANAP-ın dəniz hissəsinin inşası gələn ilin əvvəlində yekunlaşacaq
30 OKTYABR
117

TANAP-ın dəniz hissəsinin inşası gələn ilin əvvəlində yekunlaşacaq

2017-10-30 13:16:00

Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) dəniz hissəsinin tikintisi gələn ilin əvvəlində tam başa çatacaq.

Fins.az xəbər verir ki, bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O qeyd edib ki, TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəməri artıq dənizə endirilib. Hazırda boru kəmərində son mexaniki işlər görülür və boruların qaynağının qarşıdakı 10 gündə tamamlanması planlaşdırılır. Boru kəmərinin Asiya və Avropa qitələrindəki sahilə çıxan hissələrinə isə qayaların yığılması işləri aparılır ki, bu da boruların sabit qalmasını təmin edəcək. Dəniz hissəsində ümumilikdə işlərin 60 faizi görülüb. Qoşa borunun tikintisi sınaq işləri də daxil olmaqla gələn ilin yanvar-fevral aylarında tam yekunlaşacaq.

"TANAP-ın dəniz hissəsində ümumilikdə 4 fiber optik kabel çəkiləcək. Bunlardan ikisi TANAP-ın özünə, digər ikisi isə "SOCAR Fiber" şirkətinə məxsus olacaq”, - deyə TANAP-ın baş direktoru bildirib.

Qeyd edək ki, boru kəmərinin Dardanel boğazından keçəcək 2x36 düymlük dəniz hissəsi üzrə ötən il iyulun 27-də “TANAP Doğal Gaz İletim A.Ş.” şirkəti ilə “SapuraKencana” şirkəti arasında müqavilə imzalanıb.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291