SƏNAYE

"Azexport" ixrac sifarişlərinin həcmini açıqladı
24 OKTYABR
116

"Azexport" ixrac sifarişlərinin həcmini açıqladı

2017-10-24 11:48:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr ayı üçün sayı təqdim olunub.

Fins.az xəbər verir ki, icmalın bu sayında  göstərilir ki, 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 mlrd. 69 mln. dollar həcmində olmuş və bu ixrac əməliyyatlarında 1582 subyekt iştirak edib.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 25% həcmdə artıb. Cari ilin 9 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 9 ayı ərzində bu ölkəyə 366 mln. dollar dəyərində ixrac olub. Növbəti yerləri isə Türkiyə (223 mln. dollar), Gürcüstan (99 mln. dollar), İsveçrə (98 mln. dollar) və Türkmənistan (44 mln. dollar) bölüşür. 

2017-ci ilin 9 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub (128,8 mln. dollar). Bu siyahıda ikinci yeri qızıl (81,4 mln. dollar), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (62 mln. dollar) tutub. 

Ümumiyyətlə isə 9 ay ərzində meyvə-tərəvəz ixracı 307 mln., alüminium və ondan hazırlanan məmulatların ixracı 87 mln., plastmassa və onlardan hazırlanan məmulatların ixracı 78 mln., qara metallar və onlardan hazırlanan məmulatların ixracı 61 mln., kimya sənayesi məhsullarının ixracı 58 mln. dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayı ərzində pambıq lifi ixracı 8,5 dəfə, elektrik enerjisi ixracı 2,8 dəfə, çay ixracı 62%, meyvə-tərəvəz ixracı 41%, spirtli və spirtsiz içkilərin ixracı 28%, kimya sənayesi məhsulları ixracı 25%, alüminium və ondan hazırlanan məmulatların ixracı 22%, bitki və heyvan mənşəli piylərin və yağların ixracı 17%, plastmas və onlardan hazırlanan məmulatların ixracı 10% artıb.

Cari ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə 395 subyekt tərəfindən 106 mln. dollar dəyərində ixrac əməliyyatları həyata keçirilib.

Setyabr ayı üzrə ixrac olunan əsas mallar qabığı təmizlənmiş meşə fındığı, qızıl, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, alma, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, ağ şəkər, soğan, xiyar və kornişonlar, mis filizləri və konsentratları, gavalı və göyəm, doymamış propen (propilen), şaftalı və s. olmuşdur. Sentyabr ayında qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 23,5 mln. dollar təşkil edib.

Ötən ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya yenidən birinciliyə yüksəlib. Sonrakı yerlərdə isə Türkiyə, İsveçrə, İtaliya, Gürcüstan və digər ölkələr qərarlaşıb.

“İxrac İcmalı”nın bu sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2017-ci ilin 9 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin və fiziki şəxslərin siyahısında ilk onluqda ”Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Baku Steel Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Sun Food” MMC, Talıbov Zabil Ocaqverdi oğlu, “CTS-Agro” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, Fətəliyev Süleyman Məmməd oğlu və “Food Export Şəmkir” MMC təmsil olunur.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda “Marketinq və İqtisadi Əməliyyatlar idarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ATSC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “SOCAR Methanol” MMC, “Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, “Azərbaycan Dəmir Yolları” QSC və “Naxçıvan MR Dövlət Energetika Agentliyi” təmsil olunurlar.

“İxrac İcmalı”nda 2017-ci ilin 9 ayı ərzində “Azexport” portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 9 ayı ərzində dünyanın 60 ölkəsindən 355,8 mln. dollar məbləğində ixrac sifarişləri daxil olub. Portala 2017-ci ilin sentyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 47,4 mln. dollar təşkil edib.

“Azexport” portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18.2%) ilə yanaşı Türkiyənin (6.7%), Ukraynanın (6.3%), Hindistanın (4.9%) və ABŞ-ın (4.6%) adı var. Sentyabr ayında diqqət çəkən məqamlardan biri Hindistandan daxil olan ixrac sifarişlərinin artmasıdır. Ötən ayda daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olur ki, sentyabr ayında ən çox ixrac sifarişi fındıq ləpəsinə, almaya, xiyara, kartofa, sarımsağa, şəraba və s. mallara daxil olub. Qırğızıstan Respublikasından pambıq yağına daxil olan sifariş həcmi böyük olduğu üçün yerli şirkətlər onu ancaq pambıq yığımı tam başa çatandan sonra qarşılaya biləcəklərini bildiriblər. Digər sifarişlər də “Azexport”un komandası tərəfində müvafiq yerli istehsalçılara yönəldilib. 

Həmçinin “İxrac İcmalı”nda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransının keçirilməsi, ixracatçılara ixrac təşviqinin ödənilməsi, “ANUGA” Sərgisi, Gənclərin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə ziyarəti, Global G.A.P təliminin keçirilməsi və s. məsələlər barədə də məlumatlara yer verilib.

“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

“İxrac İcmalı”ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

http://iqtisadiislahat.org/store//media/documents/ixrac_icmali/oktyabr/ExportReview_2017_7.pdf


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287