SƏNAYE

Nazir: "Hasilatın azaldılması özünü doğruldur, neft bazarı tarazlaşıb"
20 OKTYABR
142

Nazir: "Hasilatın azaldılması özünü doğruldur, neft bazarı tarazlaşıb"

2017-10-20 11:55:00

"Azərbaycan yalnız OPEC ilə deyil, bütün beynəlxalq öhdəliklərinə hər zaman çox ciddi yanaşır".

Fins.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib. 

Nazirin sözlərinə görə, Azərbaycan neft bazarının stabilləşməsində maraqlıdır: "Bizdə olan məlumata görə, cari ilin noyabr ayına OPEC-də Nazirlər Şurası səviyyəsində növbəti iclasın keçirilməsi nəzərdə tutulur. Azərbaycan tərəfinə dəvət gəldiyi halda, müvafiq razılaşdırılmadan sonra bu tədbirdə iştirak edə bilər. Sözsüz ki, neft bazarında tarazlığın əldə olunmasına yalnız bir ölkə nail ola bilməz. Bu baxımdan beynəlxalq formatda əməkdaşlığa ehtiyac var. Azərbaycan neft hasilatının azaldılmasına dair təşəbbüsə qoşulub. Düşünürük ki, bundan sonra da bu istiqamətdə addım ata bilərik. Ümumiyyətlə son dövrlərin tendensiyası göstərir ki, atılan addımlar özünü doğruldur. Bu gün biz deyə bilərik ki, neft bazarı nisbətən tarazdır, stabildir. Bu isə böyük nailiyyətdir. O ki qaldı yeni razılaşmaya, dediyim ki, Nazirlər Şurasının iclasında müzakirələr aparılacaq, ötən dövr təhlil olunacaq və gələcək addımlar haqqında da düşünüləcək", - deyə nazir vurğulayıb.

Bundan öncə Energetika Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Azərbaycan OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini sentyabr ayında da yerinə yetirib. Nazirlik Azərbaycanın sentyabr ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin sentyabr ayında respublika üzrə gündəlik neft hasilatı 785,7 min barrel olub. Bunun 733 min barrelini xam neft, 52,7 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam neft, 52,7 min barrel kondensat, 19,3 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda isə 734,8 min barrel olub. 

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barrel azaldılaraq 32,5 mln. barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285