SƏNAYE

Kürdəmirdə 10 min 650 hektar torpaq sahəsini əhatə edən 3 aqropark yaradılıb
17 OKTYABR
204

Kürdəmirdə 10 min 650 hektar torpaq sahəsini əhatə edən 3 aqropark yaradılıb

2017-10-17 16:17:00

Kürdəmirdə cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Fins.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun məruzəsində, eləcə də çıxışlarda iqtisadiyyatın ayrı-ayrı sahələrində görülən işlərdən, o cümlədən ixracyönümlü məhsullar olan pambıqçılığın, baramaçılığın inkişafına göstərilən dövlət qayğısından, əldə olunan uğurlardan ətraflı danışılıb.

Bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 0,9 faiz artaraq 252 milyon 860,8 min manat təşkil edib. Ümumi məhsul buraxılışının 41,8 faizi iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşüb. Cari mövsümdə təkcə 80 min 700 ton mühüm strateji məhsul olan taxıl istehsal edilib. Hazırda taxıl əkini sürətlə davam edir. 1500 hektardan çox sahədə səpin aparılıb. Bu il ötən ilkindən 5000 hektar çox olmaqla, azı 45 min hektarda taxıl əkilməsi nəzərdə tutulub.

Baramaçılığın, pambıqçılığın inkişafı da xüsusi diqqət mərkəzindədir. Bu mövsümdə 160 kümçü tərəfindən 300 qutu ipəkqurdu bəslənilib, 11 min 512 kiloqram barama istehsal olunub. Pambıq əkininə gəldikdə, cari mövsümdə 4027 hektar sahədə “ağ qızıl” yetişdirilib. Hazırda pambıq yığımı davam edir. Yığıma 2000 nəfərdən çox işçi qüvvəsi, 6 pambıqyığan maşın və digər texnikalar cəlb olunub. İndiyədək 2500 tondan çox məhsul yığılıb və bunun 2394 tonu məntəqələrə təhvil verilib.

Məruzə və çıxışlarda aqrar sektorda dinamik inkişafı təmin etmək məqsədilə ciddi işlərin aparıldığı bildirilib. Qeyd olunub ki, “Şirvan” massivində 6150 hektar, Muradxan-Pirli massivində isə 4500 hektar sahənin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün Kür çayı sahilində nasos stansiyaları, dəmir-beton qurğular tikilir, kanallar çəkilir. Rayonda təyinatı dəyişdirilən 10650 hektar torpaq sahəsində artıq 3 aqropark yaradılıb. Bu sahələrdə meliorasiya işlərinin aparılması, müasir suvarma sistemlərinin qurulması istiqamətində tədbirlər görülür.

“Qlobal Aqro” MMC tərəfindən dənli bitkilərin saxlanılması üçün 27 min tonluq anbarın, “Smart” dəyirmanın, yağ və yem emalı zavodlarının, toxum emalı müəssisəsinin tikilməsi nəzərdə tutulub. Hazırda 9 min tonluq anbar istifadəyə verilib, kommunikasiya və digər quraşdırma işləri davam etdirilir. Bu müəssisənin tam işə düşməsi yüzlərlə yeni iş yerinin açılmasına imkan verəcək.

Hesabat yığıncağında təhsil, səhiyyə və mədəniyyət sahələrində görülən işlər, əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə normal təminatı ilə əlaqədar həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291