SƏNAYE

Uğurlu aqrobiznesin yeddi əsas prinsipi
10 OKTYABR
524

Uğurlu aqrobiznesin yeddi əsas prinsipi

2017-10-10 10:41:00

Kənd təsərrüfatı sahəsində işlədiyim üçün son 2 ildə, bu günlərdə trend olan aqrobiznes fəaliyyətinə başlayıb öz biznesinizi qurmaq istəyən insanlarla rastlaşıram. Lakin bir çox hallarda bu insanların daha əvvəl tamamilə başqa sahələrdə işlədiyi və ilk gündən “palaza bürün el ilə sürün” deyib, təsərrüfat fəaliyyətinə başladıqlarına şahid olurdum. Çalışmaq lazımdır ki, təsərrüfat qurarkən ağızdan-ağıza prinsipi ilə keçən təcrübələrin tətbiqinə başlamayasınız. Hər şeydən əvvəl “google” edib, əkinilə məşğul olmaq istədiyiniz bitkiləri müəyyənləşdirib, onları hər tərəfli araşdırasınız.

Bitkinin sizin ərazinizdə bitməsini, yaxşı məhsul verməsini müəyyən etmək istəyirsinizsə əsas bu faktorları nəzərdən keçirməlisiniz: Ən başda torpağın pH, elektirik keçiriciliyi, tekstura kimi göstəricilərini yoxlamalısınız. Daha sonra iqlim faktorudur ki, həmin bitkinin soyuğa və istiyə dözümlülüyünü əkin regionunun iqlim xüsusiyyətlərini əldə etməklə müqaisə etmək lazımdır. Bundan başqa əkinini planlaşdırdığınız bitkinin sizin ərazidə qulluğunu və yığımını təmin edə biləcək texnikanın olub-olmadığına əmin olun. Ən vacib məsələ isə bazarda tələbatı və minumum alış qiymətinə əsasən gəlir və xərclərinizi planlaşdırın. (və ya bizə, NPC Agro Konsaltinq və Mühəndislik şirkətinə müraciət edin, sizin üçün bu işləri biz həyata keçirək). Bundan sonra əkəcəyiniz bitkinin doğru satıcılardan alın və mütləq şəkildə o əraziyə uyğun formada olub-olmamasını analiz edən mütəxəssislə birlikdə bu işi həyata keçirin.  

Yuxarıda qeyd olunan nüanslar bu sahədə biznesə başlayacaq bütün şəxslərin həyata keçirməli olduğu əsas işlərdir. Aşağıda isə bu sahədə uğur qazanmaq üçün ümumiyyətlə dünya təcrübəsində istifadə olunan 7 faktoru izah etməyə çalışacam.

1. Beynəlxalq praktikadan yararlanın.

Ən yaxşı beynəlxalq pratiktanı gətirin, amma adaptasiyasız işə başlamayın.”     

Təhsil həyatımın bir hissəsini dünyanın ən yaxşı kənd təsərrüfatı universitetlərində keçirmək mənə dünyadaki təsərrüfat metodlarını diqqətlə öyrənmək şansını verdi. Tarixən hansı metodun  işləydiyini və dünyanın müxtəlif regionlarında hansı növ texnologiya ve sistemlərin uğurla tətbiqini araşdıra bilmişdim.  Bunları bilmək mənə deməyə əsas verir ki, bir bitkiyə qulluğun onlarala forması və nümunəsi mövcuddur, odur ki, çalışın ən yaxşısını tapıb tətbiq edəsiniz. Məsələn məhsuldar sortlar gətirin. Yerli taxıl sortları hektara 4 ton məhsul verib, quraqlığa, duzluluğa və zəif torpağa bir o qədər dözümlülük göstərmirsə, siz İtalyadan, ABŞ-dan bənzər iqlimdə yetişən sortları sifariş edin. 4 yox, 6 ton məhsul götürün. Kimyəvi gübrə ilə kifayətlənməyin, qərb ölkələri bundan imtina etmək üçün 50 ildən artıqdır ki, metodlar yaradır və həm maddi, həm də sağlamlıq baxımından yüksək nəticələr əldə edirlər. 

2. Riskləri azaldın.  

Risk idarə olunmasını yaxşı bilmək bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da sizi maddi risklərin özündən qoruyacaq. İqlim dəyişkənliyindən tutmuş, səpəcəyiniz toxum və dərmnanın keyfiyyəti, suvarma dövründə su ehtiyatınının olub-olmaması kimi məsələləri əvvəlcədən düşünüb planlaşdırmalısınız. Çünki bitki sizi gözləmir, onun 2 gün su ehtiyacı dövrünün keçməsi yarpaqlardakı stomataların bağlanmasına və 10-15 % məhsulun itməsinə səbəb olur. Digər tərəfdən, təsərrüfatınızı şaxələndirin. Əraziniz genişdirsə çalışın azı 3-4 fərqli bitki əkəsiniz ki, maddi və ya təbii riskləri azaldasınız. Tutaq ki, bir xəstəlik və ya zərərverici ucbatından məhsul itkisi olarsa, sizin digər bitkilərdən əldə etdiyiniz gəlir bu itkini kompensasiya edəcəkdir. 

3.Təcrübələrdən yararlanın.

İnformasiyanı paylaşaraq inkişaf etmək, bir fermer olaraq başqalarıyla birlikdə işləyib onların təcrübələrindən yararlanmaqdan çəkinməyin. Onların təcrübəsi ən yaxşı informasiya bazasıdır. Bu sizin risklərinizi azaltdığı qədər, məhsuldarlığınızı da artıracaqdır. Çünki o həmin ərazinin böcəyin də, alağın da yaxşı tanıyır.

4. Yenilik və innovasiya gətirin.

Əgər bir sahibkar işinə innovasiya qatmırsa müəyyən vaxtdan sonra onun fəaliyyəti yavaşlayacaq və bazarda əvvəlki paya sahib olmayacaqdır. Bu səbəbdən, komfort zonanızı tərk edib risk edin və ərazinizdəki standartlaşmış fəaliyyət növlərinə yenilik qatın.

Bununla bağlı öz təcrübəmdən misal gətirmək istərdim. Türkiyədə araşdırma üçün 3 ay bir təşkilatda işləyirdim. İş yoldaşım nahara çıxdığımız bir gün yolda bir şəxslə dayanıb söhbət etməyə başladı. Bu şəxs kifayət qədər bahalı avtomobilin qarşısında dayanmış və yaxşı geyimdə idi. İş yoldaşım onunla sağollaşdıqdan sonra mənə əhvalatı danışdı. Dedi ki, bu şəxs uzun müddətdir ki, kuriyer işləyirmiş və elə bizim ofisə də məktublar gətirimiş. Səbəbini soruşanda ki, “niyə gəlmirsən?” həmin şəxs gülümsəyib, deyib indi öz biznesim var. Belə bir şəxsin qısa müddətdə varlanmasının səbəbi kimi isə bildirib ki, Türkiyənin İzmit bölgəsində daha əvvəl yetişdirilməyən kivi ağacları əkib və məhsulundan yüksək gəlir götürüb. Göründüyü kimi həmin şəxs yenilik edib, heç vaxt olmayan təcrübəni ərazisində tətbiq edib və nəticə əldə edib.

5. Vertikal inteqrasiya barədə düşünün.

Digər sektorlarla bərabər kənd təsərrüfatıda da rahatlıqla istifadə oluna bilən vertikal inteqrasiya metodundan istifadə edib biznesinizi inkişaf etdirin. Bu, istehsal etdiyini bir məhsulun tam dəyər zəncirinin öz fermanızda formalaşması deməkdir. Yəni heyvandarlıqla məşğulsunuzsa heyvanların yemi kimi istifadə etdiyiniz bitkilərin toxumundan başlayaraq, istehsal etdiyiniz ətin emal olunaraq satışını təşkil edin ki, gəliriniz maksimum, xərc və riskləriniz minimum olsun. Bununla da sizin məhsulunuzun maya dəyəri o qədər də dəyişkən olmayacaq və rəqiblərinizi geridə qoymağa nail olacaqsınız.

6. İş saatlarınızı özünüz təyin edin.

Bu ofis işi deyil, əziyyəti çox olsa da zövqü də paralel artacaq, amma ofis saatlarıyla, 9:00-18.00 arası işləməyəcəksiniz.” 

Başlıqdan bəlli olduğu kimi bu vaxt və gözlənilməz ödəmələrin artıb azalacağı bir sahədir. Siz bəzən yağışda qalacaq, bəzən maşınınız palçığa batacaq, bəzən isə özünüzü səhər saat 10.00-da bir excell sənədə baxarkən deyil, termusunuzdan isti çayı sahənin kənarında içərkən görəcəksiniz. Bunları edərkən günəşdən və təmiz havadan zövq aldığınızı hiss edib bir daha özünüzə bu işə başladığınız üçün minnətdar olacaqqsınız. Yığım zamanı isə 10 aylıq əziyyətinizdən sonra bir hektara 30-35.000 AZN sarımsaq satışından əldə edəcəyiniz gəlirlə gözəl bir istirahətə gedib, dostlarınızı sizin yay tətilinə çıxmanızı izləməyə məcbur edəcəksiniz. 

7. İşinizi sevin!

Biznes idarə etmək sizin vaxtınızın əksər hissəsini ala bilər və biznesə yeni başlayanda böyük çətinliklərlə üzləşə bilərsiniz. Odur ki, motivasiyanızı azaltmadan, işinizi sevərək görün. Əgər həqiqətən işinizi sevsəniz, ondan zövq alsanız, bu sizin üçün əyləncəyə çevriləcəkdir. Açıq sahədə gəzmək, bitkilərinizi yoxlamaq sizə iş yox sadəcə bir gəzinti kimi görünəcəkdir.

Bu gəliri bol yolda sizə uğurlar!

Müəllif:  Surxay Novruzov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287