SƏNAYE

Azərbaycanda “Fiş bank” bazara daxil olacaq
25 SENTYABR
743

Azərbaycanda “Fiş bank” bazara daxil olacaq

2017-09-25 11:36:00

Sentyabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə Neftçala Sənaye Məhəlləsinin açılışı baş tutdu.

Neftçala Sənaye Məhəlləsinin 7 iştirakçısından biri  də “Azproduct” MMC-dir. Şirkət məhəllənin ərazisində balıq emalı və konservləşdirilməsi müəssisəsini yaradıb.  

Dövlətimizin başçısı 2017-ci ilin sonunadək istifadəyə veriləcək bu müəssisə ilə də tanış olub.

Bu haqda ictimaiyyətə müəssisə haqqında geniş məlumatı “Azproduct” MMC-nin sahibi Şamxal Məmmədov verib.

BALIĞIN VƏ KADRIN BOL OLDUĞU RAYON

Sahibkar bildirdi ki, ölkəmizdə müxtəlif növdə balıqlar olsa da, konservləşdirmə müəssisəsinin olmaması bu biznesi yaratmağı zəruri edib. Müəssisə üçün Neftçalanın seçilməsinin isə xüsusi səbəbləri var:

“Neftçalada sənaye məhəlləsinin yaradılacağı xəbəri bizi çox sevindirdi. Bu rayonda müəssisə qurmaq çoxdankı arzumuz idi. Lakin infrastrukturun tikilməsi böyük xərclər tələb etdiyi üçün bu müəssisənin qurulmasını reallaşdıra bilmirdik. Ölkə Prezidenti cənab İlham Əliyevin Neftçala Sənaye Parkının yaradılması barədə 02 Fevral 2015-ci il tarixli sərəncamı arzumuzu həyata keçirməyi sürətləndirdi.

Müəssisəni qurulması üçün Neftçalanın seçilməsinin bir neçə səbəbi var. Bildiyimiz kimi, Kür çayı Xəzər dənizinə Neftçala rayonunda qovuşur. Buna görə, Neftçala rayonu şirin su və dəniz balıqlarının olduğu ərazidir. Respublikamızda ən zəngin balıq növləri bu rayon ərazisində və yaxınlığında yetişir. Bu ən birinci əsas səbəbdir.

İkinci səbəb - bu rayon ərazisində balıqçlıq üzrə kadrların çox olmasıdır. Çünki vaxtilə rayonda “Bankə” balıq kombinatı fəaliyyət göstərib və təxminən 2000-dən çox işçisi olub”.

BALIQ İŞİNİN SİRLƏRİNƏ YİYƏLƏNMİŞ AİLƏ

Şamxal Məmmədov əlavə etdi ki, özü və qardaşları balıq ticarətində böyük təcrübəyə malikdirlər:

“Biz bu işlə ilk dəfə deyil məşğul oluruq. Mən və qardaşlarım uzun illərdir balıq və balıq məhsulları biznesi ilə məşğul oluruq. 2013-cü ildən isə Maştağa qəsəbəsində icarəyə götürdüyümüz sexdə konserv istehsalı ilə məşğul olmağa başlamışıq. Ötən illər ərzində bu sahədə də xeyli təcrübə topladıq və bazarı öyrəndik. Hazırda Azərbaycanda bizdən başqa balıq konservləri istehsal edən müəssisə yoxdur”.

RUSLAR MƏRAKEŞDƏN ALDIQLARI BALIQLARI KONSERV EDİB AZƏRBAYCANA SATIRLAR

Sahibkar qeyd etdi ki, yeni müəssisənin işə düşməsi Azərbaycana xaricdən balıq konservlərinin idxalının əvəzlənməsinə səbəb olacaqdır:

“Azərbaycana konservləşdirilmiş balıq məhsullarının böyük hissəsi Avropa ölkələrindən və Rusiyadan idxal olunur.  Biz apardığımız araşdırma nəticəsində öyrəndik ki, Rusiyanın balıq konservləri istehsalçıları xammalı əsasən Mərakeş və digər ölkələrindən idxal edirlər. Yəni, Rusiya şirkətləri Mərakeşdən aldıqları balıqları konservləşdirib Azərbaycan kimi ölkələrə göndərirlər.

Qiymətləri araşdırdıqda isə öyərəndik ki, istehsal edəcəyimiz balıq konservlərini anoloji idxal məhsullarından orta hesabla 15% ucuz təklif edə biləciyik. Ölkəmizin iki mühüm üstünlüyü bizə bunu iddia etməyə əsas verir. Birincisi, Xəzər dənizdə kilkənin və siyənəyin yaşayış əraziləri Azərbaycan sahilləri yaxınlığındadır. Kilkələr və siyənəklər sahildən təxminən 20-80 km uzaq məsafədə yaşayırlar.  Əvvəllər də keçmiş ittifaqın digər ölkələrinin istehsalçıları kilkələri Xəzərin Azərbaycan ərazisində ovlayıblar. 

Xammal ilə müəsisə arasındakı məsafənin yaxın olması həm xərcləri azaldır, həm də məhsulun keyfiyyətinin yüksək qalmasına imkan verir. Rusiya istehsalçıları isə Baltik dənizinin kilkələrindən istifadə edirlər. Baltik dənizinin kilkəsini almaq Xəzər dənizinin kilkəsindən daha baha başa gəlir.

Konserv istehsalında digər mühüm xamal tomatdır. Azərbaycanda tomat çoxdur, Rusiya isə idxal edir

“Azproduct”un bir çox konservlərdə istifadə edəcəyi tomat yerlidir və keyfiyyətlidir, xammalımız olan balıqlar da 20-80  km məsafədədir. Həm Azərbaycanda tomatın çox olması, həm də xammla yaxınlığımız  məhsulun maya dəyərinin aşağı olmasını təmin edəcəkdir. Yalnız, məhsulun maya dəyərində payı xeyli yüksək olan dəmir qabların ölkəmizdə istehsalı təşkil edilməmişdir. Cənab İlham Əliyev müəssisəmiz ilə tanış olarkən bu məsələyə toxundu və bildirdi ki, dəmir taralarda idxaldan asılılığa son qoyulmalıdır. Əgər qablar da ölkəmizdə istehsal olunarsa konserv məhsullarımızın maya dəyəri xeyli aşağı düşəcək və məhsullarımızın rəqabət qabiliyyəti daha da artacaqdır.

Qeyd etdiyim iki əsas faktor bizim Rusiya istehsalçılarından əsas üstünlüklərimizdir və bu faktorlara görə məhsullarımız onlardan ucuz başa gələcəkdir”.

AVROPA KONSERVLƏRİNDƏ BALIQ ƏTİ AZ, SOUS ÇOX

Şamxal Məmmədov qeyd etdi ki, devalvasiyalar nəticəsində xarici valyutaların bahalaşması yerli istehsalçıların xeyirinədir. Avro bahalaşdığından avropalı istehsalçılar konservlərin maya dəyərini aşağı salmağın yollarını axtarırlar. Onlar çıxış yolunu konservanın tərkibindəki balıq ətini azaltmaqda tapıblar:

“Azproduct” Neftçalada sahəsi 200 kv.m olan laboratoriyaya malikdir. Biz öz laboratoriyamızda bazarda satılan balıq konservi məhsullarının analizini aparmışıq. Müəyyən etdik ki, Azərbaycan bazarına xaricdən idxal edilən əksər konserv məhsullarının tərkibində balıq ətinin payı təxminən 50%-dir. Əksər standartlara əsasən, balıq konservi məhsulunun tərkibində ət 75-80%, sous 20-25%  olmalıdır. İdxal olunan balıq konservlərinin əksəriyyətində bu, 50/50 və ya 55/45 nisbətindədir. Ölkəmizə konserv məhsullarının xeyli hissəsi də Baltikyanı ölkələrdən idxal olunur və Avro ilə alınır. Avro isə bahalaşdığından Azərbaycan bazarında məhsulun Manat ilə ifadədə qiyməti qalxır. Avropalı istehsalçılar Azərbaycan kimi xarici bazarlarda qalmaq üçün, konservin tərkibndə ət nisbətini azaldaraq valyutanın bahalaşmasının yaradığı çətinliyi konpensasiya edirlər. Buna qanunsuz  hərəkət də demək olmaz. Belə ki, istehsalçılar bu barədə konserv məhsulunun etiketində məlumat verirlər. Amma yazı o qədər kiçik hərflər ilə yazılır ki, həmin məlumat insanların gözünə görünmür. Həmçinin Azərbaycan alıcılarının əksəriyəti bu nisbət barədə məlumatlı deyillər və buna fikir vermirlər. Bizim məhsullarımız idxal konservlərindən ucuz olmaqla bərabər, tərkibinin təxminən 80%-i balıq əti, 20%-i sous olacaqdır”.

 “Azproduct”un sahibi bildirdi ki, müəssisədə  Xəzər kilkəsindən və Xəzər siyənəyindən konserv məhsullarının, “Preserv” məhsullarının və soyudulmuş məhsulların istehsalı nəzərdə tutulur:

“Müəssisəmizdə  birinci istehsal xəttində koserv və  “Preserv” məhsullar (yağ, duz və ədviyyatlara qoyulmuş balıq məhsullar)  istehsal olunacaqdır.  Sovet dövründə Azərbaycandan Rusiya, Ukrayna və Qazaxıstan kimi ölkələrə ildə 20 milyon ədəd “Preserva” məhsulları göndərilirdi.

Bu məhsullar da Xəzər siyənəyindən və kilkəsindən istehsal olunacaqdır. Çəkisi 1 kq ətrafında olan Xəzər siyənəyi Atlantik okeanının siyənəyindən təxminən 40%  böyükdür. Böyük balıqlar da daha qiymətli hesab olunur. Eyni zamanda, Xəzər siyənəyi kimyəvi tərkibinə görə də zəngindir.  Biz öz məhsullarımız ilə ölkəmizə idxal olunan Atlantik siyənəyindən hazıranmış məhsulları da əvəzləyəcəyik.

BALIQ BUZLA BİRLİKDƏ QABLAŞDIRILACAQ

Müəssisəmizdə balıqların soyudulması və qablaşdırılması xətti də fəaliyyət göstərəcəkdir.Tutulan balıqlar artdıqca biz də istehsal gücümüzü artıracayıq. Bu xətdə əsasən çəki, berj, kefal və kütüm və.s  balıqları buzla birlikdə qablaşdıraraq market, resoran və katerinq  şirkətlərinə göndərəcəyik. Balıq buzla birlikdə qablaşdırılan zaman keyfiyyəti pozulmur. Azərbaycanda bu sahədə də qablaşdırma müəssisə yoxdur. Ölkəmizdə bazarlarda balıqlar buz olmayan şəraitdə satılır və bu da gigiyenik baxımdan yolverilməzdir. Bu şəkildə satılan balığın yararlılıq müddəti də qısa olur.  Neftçala rayonunda balıq ovlama məntəqələri çoxdur və qablaşdırama müəssisənə böyük ehtiyac var”.

İDXALIN 60%-İ HƏCMİNDƏ İSTEHSAL

İstehsal gücləri barədə məlumat verən sahibkar qeyd etdi ki, təzə balıqların soyudulması və qablaşdırılması xəttinin gücü illik 500 ton, konserv xəttinin gücü isə bir növbədə illik 7 milyon ədəddir:

“Azərbaycana il ərzində təxminən 12 milyon ədəd balıq konservləri idxal olunur. Bizim müəssisə idxalın təxminən 60%-ni həcmində istehsal gücünə malikdir.

Sənaye məhəlləsində istehsal sahəsini genişləndirmək üçün əlavə sahəmiz də var. Bu sahədə yeni xətlərin qurulması ilə istehsal gücümüzü 2 dəfə artıra bilərik. Eyni zamanda, ikinövbəli iş rejiminə keçməklə də istehsal gücümüzü qaldıra bilərik”.

“FİŞ BANK” KOMMERSİYA BANKI DEYİL

“Biz paralel olaraq marketinq və satışın təşkili üzrə də işlər aparmışıq” deyən Şamxal Məmmədov sözlərinə belə davam etdi:

“Məhsullar daha keyfiyyətli və  ixracyönümlü olacağından bütün dünyada tanına biləcək, eyni zamanda millilik daşıyan brend yaratmaq qərarına gəldik. Xeyli axtarışdan sonra “Fiş bank”  (Fish bank)adının üzərində dayandıq. Bu adı ilk dəfə eşidənlər kommersiya bankını xatırlayırlar.  Lakin brendin adının kommersiya bankı ilə əlaqəsi yoxdur. Neftçalada Bankə qəsəbəsi var. Bankə qəsəbəsində balıq kombinatı fəaliyyət göstərmişdir. Yaşlılar və kombinatın işçiləri ilə apardığımız söhbətlər əsasında öyrəndik ki, Bankə qəsəbəsinin adı bank sözündən götürülüb. Bank  - “sahil”, “dayaz yer”, “kiçik boğaz” mənalarını bildirən sözdür.  Bank sözü balıqçıların da geniş istifadə etdiyi termindir. Belə ki, dənizdə balıqların böyük şəkildə yığıldığı çuxurlara balıqçılar arasında bank deyilir. Dənizin dibində vulkanlar və digər seysmik proseslər nəticəsində əmələ gəlmiş çuxurlarda balıqlar yığılır və kürü qoyurlar. Qədimdən balıqçılar belə yerlərə bank deyirlər. Dünyada da balıqçılar belə yerləri bank adlandırırlar. Həmçinin ağzı dar olan qaba da banka deyilir. İddia olunur ki, maliyyə təşkilatlarına da bank adı bu termindən götürülüb. Biz qərara gəldik ki, Bankə qəsəbəsinin şərəfinə, eyni zamanda da,  “balıq bankına” işarə olaraq bank terminindən istifadə edək. Bu səbəblərdən brendə “Fiş bank” adı verilib”.

Şamxal Məmmədov əlavə etdi ki, Prezident İlham Əliyev məhsulların dizaynını çox bəyənib.

İXRACLA BAĞLI RAZILAŞMALAR ƏLDƏ OLUNUB

Sahibkar qeyd etdi ki, istehsal olunacaq məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar da əldə olunub. Müəssisə əsasən ixraca fokuslanacaqdır:

“Rusiyada balıq konservi məhsulları üzrə ən böyük distribyutor şirkətilə razılaşma əldə etmişik. Həmin şirkət Rusiyada iri satış şəbəkələrini balıq konserv məhsulları ilə təmin edir. Novbəti mərhələ Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətində akreditasiyadan keçməkdir. Müəssisə istifadəyə verildikdən sonra akreditasiya üçün müraciət olunacaq və xidmətin nümayəndələri Azərbaycana dəvət olunacaqdır.

Eyni zamanda, məhsullarımızın Gürcüstana ixracı üçün bu ölkədə də balıq məhsulları üzrə ən böyük distribyutor şirkət ilə razılaşma əldə etmişik”.

 “MƏHSULLAR PİRALLAHIDAKI BALIQ BAZARINDA GENİŞ ŞƏKİLDƏ SATILACAQ”

“Azproduct” un buzla qablaşdırılmış məhsullarının Pirallahı rayonunda  “Nərəkənd” kompleksinin nəzdində yaradılmış balıq bazarında da satışı geniş şəkildə təşkil olunacaqdır:

“Bu gün restoranlar və katerinq şirkətləri şəraitli satış mərkəzindən balıqları almağa böyük ehtiyac duyurlar. Bazar Bakıya ən yaxın, təhlükəsiz, təzə balıq satışı mərkəzi olacaqdır”.

DÖVLƏT İDARƏ VƏ TƏŞKİLATLARINDA YERLİ KONSERVLƏRDƏN İSTİFADƏ EDİLƏCƏK

Şamxal Məmmədov qeyd etdi ki, dövlət müəssisə və təşkilatları da “Azproduct”un alıcıları olacaqlar. Artıq “Azproduct” MMC ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında balıq konservlərinin satışına dair 2,2 milyon manat dəyərində müqavilə də imzalanıb.

“Bu gün Müdafiə Nazirliyi balıq konservlərini idxal edir.  Ümid edirik ki, Müdafiə Nazirliyinə də balıq məhsullarının satışına nail olacağıq. Biz bu ildən Müdafiə Nazirliyinin keçirəcəyi tenderlərdə iştirak etməyi nəzərdə turuq”.

BU İLİN SONUNADƏK İŞƏ DÜŞƏCƏK

Sahibkar vurğuladı ki, müəssisənin yaradılmasına öz vəsaiti hesabına 1,7 milyon manat sərmayə yatırılacaq. İlkin mərhələdə 40 nəfər çalışacaq müəssisəsi bu ilin sonunadək işə düşəcəkdir.

BALIQLARI ÖZÜ DƏ YETİŞDİRƏCƏK

Şamxal Məmmədov sonda qeyd etdi ki, gələcəkdə balıqların yetişdirilməsi layihəsini reallaşdırmağı nəzərdə tutur: “İki ilə yaxındır bu sahədə araşdırmalar aparırıq. Araşdırmalarımız göstərir ki, bu iş də rentabelli olacaqdır”.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297