SƏNAYE

“Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsinə başlanılıb
20 SENTYABR
157

“Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsinə başlanılıb

2017-09-20 15:36:00

Sentyabrın 20-də Bakı Biznes Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi və Latviya Ticarət və Sənaye Palatası tərəfindən həyata keçiriləcək “Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsinin icrasına başlanması ilə bağlı tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Latviyanın Azərbaycandakı Səfirliyinin, aidiyyəti qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni rəqabətqabiliyyətli və ixracyönümlü, innovativ sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib. Qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin ixrac potensialının artırılması məqsədilə dövlət tərəfindən mühüm dəstək mexanizmləri tətbiq olunur. “Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsinin icrası da ölkəmizdə emal sənayesinin inkişafına dəstək göstərəcək.

“Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsi barədə məlumat verən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Jeroen Villems bildirib ki, layihənin məqsədi Azərbaycan Respublikasında emal sənayesi sahələrinin rəqabət qabiliyyətinin artırılmasına və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinə dəstək göstərilməsidir. Layihədə həmçinin, emal sənayesinin bir sıra sahələrində professional biznes assosiasiyalarının yaradılması, emal sənayesinin pilot sektorları ilə bağlı ilkin iqtisadi əsaslandırmanın həyata keçirilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Ceyhun İsayev özəl sektorun inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verib, bu tədbirlərin iqtisadiyyatın diversifikasiyası, rəqabət qabiliyyətliliyinin artırılması, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Juris Maklakovs Azərbaycan və Latviya arasında əlaqələrin inkişaf etdiyini qeyd edib, “Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsinin Azərbaycanda emal sənayesinin inkişafında əhəmiyyətli olmaqla yanaşı, iki ölkə arasında əməkdaşlığın genişlənməsində önəmli olacağını diqqətə çatdırıb.

Tədbirdə layihənin icrası, qeyri-neft emalı sahələrinin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297