SƏNAYE

Masallı Sənaye Məhəlləsində tikinti işləri gələn il başa çatdırılacaq – FOTO
18 AVQUST
290

Masallı Sənaye Məhəlləsində tikinti işləri gələn il başa çatdırılacaq – FOTO

2017-08-18 16:53:00

İqtisadiyyat Nazirliyi Masallı Sənaye Məhəlləsinə press-tur təşkil edib. 

Fins.az-ın məlumatına görə, media nümayəndələrinə bildirilib ki, artıq ərazidə düzənlənmə işləri başa çatdırılıb. Hazırda binaların təməli qoyulur və kommunikasiya xətləri çəkilir. 

Tikinti işlərinin qrafikə uyğun və fasiləsiz aparılması məqsədilə Masallı Sənaye Məhəlləsində su, elektrik enerjisi təminatı kimi müvəqqəti infrastruktur yaradılıb, zəruri texnika iş prosesinə cəlb edilib, materialların saxlanması üçün müvəqqəti anbarlar quraşdırılıb, işçilərin normal iş şəraitinin təmin olunması üçün yeməkxana və sanitar qovşaq tikilib. Ümumilikdə ikinti işlərinə 200 -ə yaxın işçinin cəlb olunması nəzərdə tutulur ki, bunların da əksəriyyəti yerli sakinlər olacaq.

1-ci mərhələdə Masallı Sənaye Məhəlləsində ümumi sahəsi 7 006 kv.m. olan 3 istehsalat korpusu, sahəsi 1 251 kv.m. olacaq 2 mərtəbəli inzibati bina və digər köməkçi sahələr tikiləcək, məhəllənin bütün ərazisində zəruri infrastruktur (elektrik enerjisi, təbii qaz, su və rabitə) yaradılacaq. Tikinti işlərinin gələn ilin 1-ci rübündə başa çatdırılması nəzərdə tutulub. 

Qeyd edək ki, ərazidə fəaliyyət göstərmək üçün sahibkarlar böyük maraq göstərir. Artıq iş adamları ümumi dəyəri 33 mln. manatdan çox olan 33 layihəni “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim edib. Bu layihələr, əsasən, avtomobil təmirini, mebel, alüminium və plastik qapı-pəncərə, müxtəlif növ tikinti materiallarının istehsalını əhatə edir.

Xatırladaq ki, Masallı Sənaye Məhəlləsi ölkə prezidentinin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusilə önəmlidir. Hazırda Neftçala, Hacıqabul və Masallı rayonlarında sənaye məhəllələrinin təşkili edilməsi istiqamətində işlər davam etdirilir.

Ölkə rəhbərliyinin sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287