SƏNAYE

Azərbaycanda və Ermənistanda qazın qiymətləri – MÜQAYİSƏ
30 NOYABR
8653

Azərbaycanda və Ermənistanda qazın qiymətləri – MÜQAYİSƏ

2016-11-30 10:46:00

Xəbər verildiyi kimi, Tarif Şurasının noyabrın 28-də qəbul etdiyi qərara əsasən, Azərbaycanda təbii qazın qiyməti artırılıb. Diferensiallaşdırma üsulu ilə həyata keçirilən bahalaşma nəticəsində ildə istifadə olunan 1500 kubmetrədək qazın 1000 kubmetrinin qiyməti 100 manat, bundan artıq istifadə edilən qazın qiyməti isə 1000 kubmetrə görə, 200 manat olacaq. Bu qərar dekabrın 1-dən qüvvəyə minəcək.

Tarif Şurasının qərarı ilə eyni gündə Ermənistanda qazın qiyməti endirilib. Ermənistanın ictimai xidmətlərin tənzimlənməsi üzrə komissiyanın qərarı ilə «Qazprom Ermənistan»ın əhaliyə satdığı qiymət bir qədər azaldılıb. Yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, ildə 600 kubmetr qaz istehlak edənlər üçün qazın 1000 kubmetrinin qiyməti 100 min dram (210 dollar) təşkil edəcək. İl ərzində 600 kubmetrdən artıq qaz istehlak edən lər üçün isə qazın qiyməti  146 min dramdan (306 dollardan) 139 min drama (292 dollara) endirilib. 

Eyni sahə ilə bağlı eyni gündə verilən fərqli qərarlar Ermənistanda qazın Azərbaycandan guya ucuz olması təəssüratı yaradıb. Amma fins.az-ın apardığı sadə hesablamalar göstərir ki, hətta bu qərarlardan sonra da Azərbaycanda qazın qiyməti Ermənistandan dəfələrlə ucuzdur. 

Belə ki, Azərbaycanda illik qaz sərfi 1500 kubmetrə qədər olduqda qazın qiyməti 1000 kubmetrə görə 100 manat və ya 57,8 dollar təşkil edir. Qaz istehlakı ildə 1500 kubmetri keçdikdən sonra isə bundan artıq hissənin qiyməti 200 manat və ya 115,6 dollar olur.  Ermənistanda isə ən aşağı qiymət 210 dollardan başlayır və 292 dollara qədər yüksəlir. 

Hər iki ölkədə qazın qiymətini dollar ifadəsində müqayisə etdikdə məlum olur ki, hətta son qərardan sonra da Azərbaycanda əhaliyə satılan qazın qiyməti Ermənistan nisbətən 2-5 dəfə ucuzdur. 

Digər tərəfdən, güzəştli qiymətlə verilən qaz limiti də Azərbaycanda daha yüksəkdir. Belə ki, Ermənistanda yuxarı qiymətə keçid 600 kubmetrdən sonra başlandığı halda, Azərbaycanda daha yüksək tarif 1500 kubmetrdən sonra başlayır.

Azərbaycan və Ermənistanda qazın qiyməti (1000 m3 üçün dollarla)

İl ərzində istehlak edilən qazın həcmi

Qazın qiyməti (1000 m3 üçün)

Ermənistanda

Azərbaycanda

600 m3-a qədər

210 dollar

57,8 dollar

600 m3-1000 m3

292 dollar

57,8 dollar

1000 m3- 1500 m3

292 dollar

57,8 dollar

1500 m3-dən artıq

292 dollar

115,6 dollar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272