SƏNAYE

Bal kimi qeyri-neft sektoru – MƏQALƏ - 1
25 NOYABR
664

Bal kimi qeyri-neft sektoru – MƏQALƏ - 1

2016-11-25 10:50:00

Və yaxud arıçılığı inkişaf etdirmək bizə nə verəcək?

I YAZI

Azərbaycanda tarixən arıçılıq ənənələri olub. Sovet dövründə arıçılıq təsərrüfatlarının inkişafı üçün müəyyən zəruri maddi-texniki baza və infrastruktur yaradılsa da, SSRİ dövlətinin dağılması ilə həmin dövrdə yaradılmış təsərrüfatlar dağılıb. Xüsusilə sovet idarəçiliyində birləşdirilərək iriləşmiş təsərrüfatlar sonrada parçalanaraq yenidən kiçik təsərrüfatlara çevrilib. Ölkədə arıçılıq təsərrüfatları uzun müddət əsasən həvəskar arıçılar tərəfindən idarə olunub və ənənələr məhz onlar tərəfindən qorunub saxlanılıb.

Bu gün arıçılıq təsərrüfatları kiçikölçülüdür. 2016-cı ilin əvvəlinə ölkənin arıçılıq təsərrüfatlarında olan arı ailələrinin sayı 250 mindən çoxdur, arıçıların sayı isə 8-10 min arasında dəyişir. Hazırda ölkədə hər bir arı təsərrüfatına orta hesabla 25-31 arı ailəsi düşür. Ekspertlərin hesablamalarına görə, arı təsərrrüfatının gəlirli işləməsi üçün hər bir belə təsərrüfat ən azı 200 arı ailəsinə xidmət göstərməlidir. Arı ailələri ölkənin regionları üzrə bərabər paylanmayıb. Arıçılıq üzrə mütəxəssislərin fikrincə, ölkədə arı ailələrinin sayını 600-700 minə çatdırmaq mümkündür. 

Azərbaycanda əhalinin təbii bala olan illik tələbatı ilə bağlı statistika olmasa da ekspertlər bu rəğəmin 4 min ton ətrafında olduğunu bildirilər. Ölkədə hər il orta hesabla 2,4-2,5 min ton təbii bal istehsal hesabına təmin edilir. Son 10 ildə təbii bal istehsalı 2 dəfədən çox artsa da tələbatı tam ödəmək iqtidarında deyil. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2015-ci ildə Azərbaycana 11 ölkədən ümumi dəyəri 188,4 min ABŞ dollar olan 69,66 ton həcmində təbii bal idxal olunub. Əsas idxalatçı ölkələr Almaniya, Türkiyə, Rusiya və Ukrayna olub. Cəmi idxalın 87%-i bu ölkələrin payına düşüb.  Ən ucuz  təbii bal Ukrayna (1,72 USD/kq) və Avstriyadan (1,54 USD/kq), ən bahalı təbii bal Fransadan (6,71 USD/kq) idxal olunub. (Cədvəl 1)

2015-ci ildə təbii balın idxal olunduğu ölkələr

Cədvəl 1

Ölkələr

İdxal

Miqdarı

(ton)

Məbləği
(min ABŞ dolları)

1 kq-ın orta idxal dəyəri
(ABŞ dolları)

  1.       Almaniya

22,03

54,67

2,48

  1.       Türkiyə

21,59

42,8

1,98

  1.       Rusiya

9,92

44,35

4,47

  1.       Ukrayna

6,71

11,56

1,72

  1.       Avstriya

2,87

4,42

1,54

  1.       Fransa

2,36

15,83

6,71

  1.       Qırğızıstan

1,76

6,3

3.58

  1.       İtaliya

1,28

5,24

4,09

  1.       İsveçrə

0,51

1,67

3,28

  1.   Belorus

0,35

0,91

2,6

  1.   İspaniya

0,28

0,65

2,32

Mənbə: Dövlət Gömrük Komitəsi      

Müstəqil araşdırmalar və müşahidələr göstərir ki, cədvəldəki ölkələrlə Azərbaycana həmçinin Gürcüstan və İrandan böyük həcmdə təbii bal gətirilir, ancaq onların qeydiyyatı aparılmır.

Azərbaycanda qeyri-neft ixracının artırılmasının prioritet olaraq qarşıya qoyulduğu bir vaxtda təbii balın ixracının vacibliyi gündəmə gəlir. Hazırda arı təsərrüfatlarının məhsullarının ixrac potensialının artırılması imkanları da araşdırılır.  Bu vaxta qədər əsas arıçılıq məhsulu olan təbii balın ixracı zəif olub.  Məsələn, 2015-ci ildə ölkədən 40,41 min ABŞ dollar olan 3,62 ton təbii bal ixrac olunub.  Araşdırmalarımız göstərir ki, təbii bal ixracına bir neçə amil mane olur. Onların ən əsası yerli balın qiymətinin baha olmasıdır. 2015-ci ildə Azərbaycandan ixrac olunan təbii balın orta qiyməti hər kq üçün 11,2 dollar olub. Halbuki bu qiymət ölkəyə idxal olunan ən bahalı Fransa balından (6,71 ABŞ dolları) təxminən 2 dəfə, ən ucuz Avstriya balından (1,54 USD/kq) isə 7 dəfə çoxdur.  Digər problem ixrac üçün lazımi miqdarda və keyfiyyətdə təbii balın olmamasıdır. İxrac üçün səmərəlilik baxımından böyük həcmli bal partiyaları tələb olunur, ancaq mövcud potensial buna imkan vermir.  Qiymət rəqabətini uduzmamaq üçün hazırda əsas diqqət təbii balın xam mal şəklində ixracı imkanları araşdırılır.

Dünya bazarlarında təbii balın ixrac qiyməti aşağıdır. Məsələn, dünyanın 15 ən çox bal istehsal edən 15 ölkəsi üzrə orta ixrac qiyməti 3,2 dollardır. Onlar arasında ən ucuz qiymət Malayziyada (1 kq - 1,6 dollar), ən baha qiymət Macarıstandandadır. (1 kq -  4,4 dollar) (Cədvəl 2)

Dünyada ən çox bal ixrac və idxal edən 15 ölkə

Cədvəl 2

İxracatçı ölkələr

İxracın həcmi, min ton

Ixracın dəyəri, min USD

1 kq balın ixrac dəyəri, USD

 

Çin

187301.0

377 818,0

2.0

 

Argentina

63922.0

229 073,0

3.6

 

Meksika

42161.0

155 986,0

3.7

 

Hindistan

40829.0

121 662,0

2.9

 

Vyetnam

36095.0

132 974,0

3.7

 

İspaniya

30 150.3

101 505,2

3.4

 

Braziliya

22206.0

81 720,0

3.7

8

Macarıstan

17862.0

79 292,2

4.4

 

Kanada

11979.1

52 116,0

4.3

 

Rumıniya

10863.1

46 020,0

4.2

 

Çili

9887.8

39 317,0

4.0

 

Türkiyə

7192.4

25 071,6

3.5

 

ABŞ

6460.0

23 696,0

3.7

 

Avstraliya

5242.3

34 388,1

6.5

 

Malayziya

3522.0

5 593,0

1.6

Cəmi

465 523.0

1 490 000

3.2

Təbii balın maya dəyərinin yüksək olmasının əsas səbəbi arıların balverimi məhsuldarlığının çox aşağı olmasıdır. Azərbaycanda arı ailələrinin balverimi səviyyəsi 5-20 kq invervalında dəyişir. Gədəbəy rayonunda arı ailəsinin balverimi 5-6 kq olduğu halda, Tovuz, Şəmkir, Abşeron, Qax, Goranboy rayonlarında 7-8 kq, Salyan, Daşkəsən, Lənkəran, Qusar, Şabran, Şəki, Qəbələ, Şamaxı rayonlarında 9-10 kq, Göygöl, Astara rayonlarında 15-20 kq təşkil edir. Xarici ölkələrin təcrübələri göstərir ki, bəzi ölkələrdə arı ailələrinin balverimi səviyyəsi 40-50 kq-a çatır.

Azərbaycanda arıçılığın inkişafı üçün ən əlverişli iqlim Aran regionu olsa da intensiv kənd təsərrüfatı əkinçiliyi belə təsərrüfatlara problem yaradır. Əkin sahələrinin dərmanlanması sonda həmin dərmanları nektar və çiçək tozu qismində götürən arıların zəhərlənərək məhv olmasına gətirib çıxarır. Əkinçilik həm də təbii balın tərkibində lazımsız qatqıların olmasına yol açır. Belə balı isə ixrac etmək ümumiyyətlə mümkün deyil.

Təcrübə göstərir ki, arıçılıq təsərrüfatları olan ərazilərdə məhsuldarlıq qarabaşaqda 35-50%, günəbaxanda 25-40%, meyvə-giləmeyvədə 30-50%, yonca və qarayoncada 200-300% artır.  Arılar bitkilərin tozlanmasını təmin edir. Arı məhsulu olan təbii bal yüksəkkalorili qida məhsulu olmaqla yanaşl dietik və müalicəvi xüsusiyyətlərə malikdir.

 Müəllif: Samir Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275