SƏNAYE

Bal kimi qeyri-neft sektoru – MƏQALƏ - 2
25 NOYABR
632

Bal kimi qeyri-neft sektoru – MƏQALƏ - 2

2016-11-25 10:50:00

Və yaxud arıçılığı inkişaf etdirmək bizə nə verəcək?

II YAZI

Dünyada qəbul olunmuş normaya görə, adambaşına düşən bal istehlakı 0,45 kq-dır. Adambaşına düşən illik təbii bal istehlakı Almaniya, Türkiyə, Yeni Zelandiya, Avstriya kimi ölkələrdə 1-1,5 kq, ABŞ, Fransa, Danimarka, Kanada, Böyük Britaniya kimi ölkələrdə 0,5-0,6 kq arasında dəyişir. Pakistan, Hindistan, Misir, malayziya və Braziliya kimi ölkələrdə istehlakın həcmi 0,01-0,12 kq təşkil edir. Təəssüf ki, Azərbaycanda istehlakın həcmi barədə dəqiq statistik uçot yoxdur.

Arıçılığın inkişafı təkcə əhalinin sağlam qidalanması baxımından zəruri deyil. Kənd təsərrüfatının, xüsusən əkinçiliyin inkişafına arıçılığın təsiri həddən artıq böyükdür. Tədqiqatlar göstərir ki, kənd təsərrüfatı bitkilərinin 75%-nin inkişafı bilavasitə tozlanmaya bağlıdır. Arıçılıq vasitəsilə tozlanma dünya miqyasında intesiv yolla ərzaq istehsalının dəyərini 250 milyard dollara yaxın artırır.

Hazırda dünyanın 150-dək ölkəsində arıçılıq təsərrüfatları mövcuddur. Lakin bu ölkələrin çox az bir hissəsində arıçılıq özünün yüksək inkişaf mərhələsinə daxil ola bilib və həm mövcud arı ailələri, həm də arıçılıq məhsullarının istehsalı bir neçə ölkənin ətrafında təmərküzləşib. Bu vəziyyətin yaranmasının əsas səbəblərindən biri təbii-iqlim şəraitidir. Belə ki, müəyyən qrup ölkələrdə coğrafi mühit arıçılığı inkişaf etdirməyə imkan vermir. Bu tip ölkələrə əsasən soyuq şimal ölkələri və zəngin bitki örtüyü olmayan səhralarla əhatə olunan ölkələr daxildir.

Dünyada il ərzində təxminən 1.5 milyon ton bal istehsal olunur ki, bunun da 1.260 milyon tonu 20 ölkənin payına düşür. Həmin 20 ölkə arasında əsas rol ilk 5 ölkəyə - Çin, Türkiyə, Argentina, Ukrayna və ABŞ-a məxsusdur. Həmin ölkələr üzrə ümumi bal istehsalı 730 min ton təşkil edir ki, bu da dünya istehsalının 50%-nə yaxındır.    Dünyada istehsal edilən balın 600 min tona yaxını beynəlxalq bazarlar vasitəsilə ixraca yönəldilir. Ümumilikdə 150 ölkədən bal ixrac edilir. Balın idxal-ixracı ilə 460 şirkət məşğul olur.

Çin hazırda arıçılıq sektorunun inkişafı sahəsində lider mövqeyini qoruyub saxlaya bilir. Bu ölkədə də 9 milyona yaxın arı ailəsi hesabına 450 min ton bal, 4 min ton arı südü, 350 ton propolis istehsal edilir.  Çində 2011-2016-cı illər üzrə arıçılığın inkişaf üzr dövlət proqramı qəbul edilib. Proqramın hədəfi arı ailələrinin sayını 10 milyona (hazırkı 8.6 miıyon), bal istehsalını 500 min tona (hazırkı 450 min tondan) çatdırmaqdır. Arıçılıq Çinin iqtisadiyyatına 40 milyard dollardan çox fayda  gətirir. Dünyada istehsal edilən arı südünün 95%-ə qədəri Çinin payına düşür.

Türkiyə bal istehsalının həcminə görə dünyada Çindən sonra 2-ci sırada dayanır. İllik bal istehsalının həcmi 95 min tona çatır. Bundan təxminən 10 min tonu ixrac edilir. Ölkə üzrə arı ailələrinin sayı 6.6 milyon ətrafındadı. Arı ailələrinin orta balverimi 15-16 kq təşkil edir. Ölkədə təxminən 80 min arıçı var. Türkiyədə arıçılıq sektoruna dövlət dəstəyi mexanizmləri mövcuddur. Məsələn, ana arı yetişdirən arıcılıq təsərrüfatları yetişdirilən hər bir ana arı üçün 4 lirə dəstək alırlar. 2013-cü ildən başlayaraq isə hər bir  arı ailəsi üçün arıçılara 8 lirə, orqanik arıçılıqla məşğul olanlara isə əlavə olaraq 5 lirə subsidiya verilməsinə başlanıb. Lakin arıçıların dövlətdən yardım ala bilməsi üçün arıların dövlət qeydiyyatı sistemində uçota düşməsi şərtdir. Son illər Türkiyədə hökumətin sektorun inkişafı istiqamətində diqqitçələn addımlardan biri balverimi yüksək olan meşələrin genişləndirilməsi ilə bağlı 2013-2017-ci illər üzrə proqram qəbil etməsidir.

Çilitəkcə balın ixrac potensialının yüksək olması ilə deyil, daxili istehlakın genişləndirilməsi istiqamətində təşəbbüslərinə görə də fərqlənir. 2014-cü ilin iyulunda Çili Mill Konqresi (Parlament) təbii balın məktəblilərin qida rasionuna daxil edilməsi barədə qərar qəbul edib. Hazırda ölkədə 11 min ton bal istehsal olunur ki, onun da  balın 85%-i ixrac edilir.

Macarıstanda təxminən 15 min arıçı fəaliyyət göstərir. 600 mindən çox arı ailəsi mövcuddur, bir arı ailəsinin orta məhsuldarlığı 25 kq əmtəə balı təşkil edir. Ölkənin hər kvadratkilometrinə 10 arı ailəsi düşür. Təxminən 30 min ton bal istehsal olunur ki, onun da təxminən 50%-i ağ akasiya balıdır.  Hazır bal məhsulunun yarısı daxili bazara, yarısı isə ixraca yönəldilir. Macarıstanın bir üstünlüyü də “GMO-suz ölkə” statusuna malik olmasıdır. Arı təsərrüfatlarının illik dövriyyəsi 65 milyon avrodan çoxdur. Bir arı ailsənin orta qazancı 100 avro ətrafındadır.

Bolqarıstanda arıçılığın dəstəklənməsi üzrə dövlət proqramı həyata keçirilib və 3 il ərzində proqram çərçivəsində təxminən 100 arıçıya subsidya fomasında 7 mln. avro vəsait ödənib. Bir arı ailəsi üçün ödənilən subsidiyanın minimum məbləği 30 avro təşkil edib.

Mütəxəssilər adambaşına bal istehlakının səviyyəsini ölkədə arıçılığın inkişafına təsir göstərən əsas faktorlardan biri hesab edirlər. Daxili bazarın tutumu istehsalın səviyyəsinin formalaşımasında ixrac həcmi ilə bağlı həlledici rol oynayır.  O ölkələrdə ki, balın qida rasionunda payı yüksəkdir, şübhəsiz ki, arıçılıq təsərrüfatları ilk növbədə daxili bazarın tələbatını ödəməyi hədəfləyir. Dünya Ərzaq Təşkilatının statistikası əsasında aparılan araşdırmalar göstərir ki, bal istehlakının adambaşına düşən orta göstəricisi ayrı-ayrı ölkələr üzrə kəskin fərqlənir. Ən yüksək göstərici Almaniya, İsveçrə, Avstriya, Yeni Zelandiya, Yunanıstan və Türkiyədədi – bu ölkələrdə adambaşına illik bal istehsalının səviyyəsi 1000-1500 qram intervalında dəyişir. İspaniya, Avstraliya, Portuqaliya və İsveçdə 660-670 qram, ABŞ, Fransa, Kanada, Danimarka və Böyük Britaniyada 550-590 qram, Hollandiya və Finlandiyada 430-440 qram, Yaponiya, Norveç və İtaliyada 320-380 qram, Küveyt, Çin və Səudiyyə Ərəbistanında 220-270 qram, Pakistan, Hindistan və Braziliyada isə 100-120 qram təşkil edir.

Kənd təsərrüfatının çoxsaylı sektorları içərisində arıçılıq xüsusilə perspektiv vəd edən sahələrdəndir. Qeyri-neft sektorunun inkişafını prioritet elan edən hökumət arıçılığa diqqəti artırmaqla, bu sektoru inkişaf etdirməklə qarşıya qoyduğu bir sıra hədəflərə nail ola bilər: sağlam və keyfiyyətli qidalanma, ekoloji balansın qorunması, ixrac potensialının güclənməsi və s. Arıçılıq təsərrüfatları təkcə təbii bal istehsal etmir. Eyni zamanda sağlamlıq üçün əhəmiyyətli olan digər məhsullar – propolis, arı südü, arı zəhəri və s. təmin edir. Arıçılıq təsərrüfatları inkişaf etdirilərəsə, əldə edilən müxtəlif arı məhsulları hesabına ölkəyə il ərzində 100-150 milyon dollar dəyərində valyuta gətirmək olar.     

Azərbaycanda arıçılığın inkişafı üçün aşağıdakı tədbirlərin görülməsi məqsədəuyğun olardı:

  • Ölkədə arıçılıq təsərrüfatlarının inkişafı, arı məhsullarının istehsalının artımı və ixrac potensialının gücləndirilməsi, habelə arıçılıq təsərrüfatlarının kadr potensialını və maddi-texniki bazasının gücləndirilməsinə dövlət dəstəyi mexanizmlərinin yaradılması  məqsədilə 2017-2021-ci illəri əhatə edən beşillik “Arıçılığın inkişafı” Dövlət Proqramının qəbulu və həyata keçirilməsi;
  • Arıçılıq təsərrüfatlarının istehsal etdikləri məhsulların rəqabət qabiliyyətini artırmaq və yerli arıçılığın inkişafını stimullaşdırmaq üçün dövlət büdcəsi hesabına arıçılıq təsərrüfatlarına subsidiyaların verilməsi (Türkiyə, Bolqarıstan təcrübəsi);
  • Arıçılıq təsərrüfatlarının ucuz maliyyə resurslarına çıxışını təmin etmək üçün güzəştli şərtlərlə kreditlərin verilməsi mexanizmlərinin yaradılması;
  • Əhalinin, o cümlədən məktəblilərin, hərbiçilərin yüksəkkalorili qida ilə təmin edilməsi üçün, eyni zamanda yeni istehsalı stimullaşdırmaq üçün Nazirlər Kabinetinin qərarı ilə təbii balın qida rasionuna daxil edilməsi (Qazaxıstan və Çili təcrübəsi);
  • Bal arılarınını məhsuldarlığını artırmaq üçün yüksək nektar veriminə malik bitkilərin əkilməsini və həmin bitkilərdən ibarət meşə plantasiyalaının salınmasının təmin etmək (Macarıstan təcrübəsi)
  • Arıların kütləvi məhv olmasının qarıçısını alınması, sağlam arıların yetişdirilməsi üçün arı xəstəlikləri üzrə laboratoriyaların yaradılması;
  • Arıçılıq sənayesinin inkişafı üçün arıçılıq sahəsində peşəkar kadrların (menecment, xəstəliklər üzrə) hazırlanması üçün sahəvi ali məktəblərdə (Gəncə Aqrar Universitetində) arıçılıq üzrə ixtisasların yaradılması və mütəxəssislərin hazırlanması

Müəllif: Samir Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272