SƏNAYE

Sabirabadda zavod işə düşdü- MAAŞ 320 MANATDAN BAŞLAYIR
08 NOYABR
2067

Sabirabadda zavod işə düşdü- MAAŞ 320 MANATDAN BAŞLAYIR

2016-11-08 08:04:00

Sabirabaddakı dəmir-beton zavodu 20 illik fasilədən sonra fəaliyyətə başlayıb. Zavodun işə düşməsi onun uğurlu ozəlləşdirilməsinin nəticəsidir.

Fins.az xəbər verir ki, əsasən suvarmanın keyfiyyətli təşkili üçün dəmir-beton qurğular, novlar, üzlüklər istehsal edən zavod hazırda məhsulun çeşidini də artırıb, əlavə olaraq yol və tikinti sahələri üçün məhsul istehsal edir.

“Sabirabad Dəmir-Beton” zavodu rayonun Qalaqayın kəndində yerləşir. Ötən əsrin 70–ci illərində inşa olunan müəssisə rayonda kənd təsərrüfatının inkişafına xidmət edib.

ASC-nin 99,9 faizinin özəlləşdirilməsi üçün bir il ərzində müəssisəyə 1 milyon manat məbləğində investisiya qoyuluşu nəzərdə tutulub.

İnvestisiya qoyuluşu nəticəsində az vaxtda nəzərdə tutulan işlərin demək olar ki, 70%-dən çoxu yerinə yetirilib. Bu müddətdə su təchizatı və kanalizasiya xətləri yenidən qurulub, müəssisəyə qaz xətti çəkilib, ərazinin və sexlərin elektrikləşdirilməsi həyata keçirilib və işıqlandırma ilə təchiz edilib. Müəssisədə olan mexaniki sex 2 hissəyə ayrılaraq təmir edilib. Birinci hissə müxtəlif təyinatlı dəmir-beton bloklarının istehsalı  sexi, ikinci hissə isə armatur-hörgü və dəmirin bükülməsi sexidir.

Hazırda təmir işlərinin davam etdirilməsi ilə yanaşı müəssisədə 15 növ beton bloklar istehsalı həyata keçirilir. İstehsal olunan məhsullar alıcılara təqdimat üçün xüsusi ayrılmış sahədə çeşidlər üzrə nümayiş etdirilir.    

Armatur sexinin də damı təmir edilmiş, 3200 kvadrat metr olan döşəməsi tam asfaltlanmış, sexdə 17 ədəd dəzgah alınaraq quraşdırılmışdır. Həmin dəzgahlar vasitəsilə çoxnöqtəli kontakt qaynaq işləri, məftillərin açılması və toxunması, list dəmirlərin istənilən ölçüdə kəsilməsi, bükülməsi və formaya salınması işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Müəssisənin ərazisində yeni qalvanikləşdirmə (korroziyaya daha çox davamlı metalla örtülməsi ) sexi qurulub. İçərisində 7 ədəd vanna quraşdırılıb, xüsusi texnologiyalara uyğun olaraq montaj edilib. İndi onların izolyasiyası həyata keçirilir. Materialların yüklənib-boşaldılması və sex daxili məsafələrə daşınması üçün sexdə 2 ədəd 3 tonluq kran quraşdırılmışdır.  

Səhmdar cəmiyyətə məxsus 3 mərtəbəli inzibati və köməkçi binaların dam örtüyü sökülərək yenidən qurulması, pəncərə , qapıların dəyişdirilməsinə başlanılib.

 “Sabirabad Dəmir Beton” ASC-nin mətbəx, yeməkxana və soyunub-geyinmə otaqlarının yerləşəcəyi  binada  təmir işləri davam etdirilir.

Ərazidəki uzunluğu 180 metr olan və hazır məhsulların yüklənib-boşaldılması üçün nəzərdə tutulan 3 ədəd poliqonun metal hissələri və beton sütunları tam təmir edilmişdir.

Poliqonun hər birində olan iki ədəd kranın biri təmir edilərək istismara yararlı vəziyyətə gətirilmişdir.

Sexləri istilik və buxarla təmin etmək üçün qazanxana binası qurulmuş və avadanlıqla təchiz edilib.

Müəssisəni stabil elektrik enerjisi ilə təmin etmək üçün 2 ədəd 1600 kv-lıq transformator quraşdırılıb.

Müəssisənin ərazisində istifadəsiz qalan bir ədəd yardımçı  bina da gələcəkdə istehsal təyinatlı işlərdə istifadə etmək üçün təmir edilir.

ASC ərazisində  istehsal olunacaq beton blokların tərkibinə qatılması məqsədi ilə çınqıl və çınqılı müxtəlif ölçülərdə xırdalamaq üçün maşın-mexanizm gətirilib.           

Müəssisənin ərazisində səkilərin qurulması işləri aparılır və ərazinin abadlaşdırılması davam etdirilir.

Müəssisədə təmir-bərpa işləri başa çatdırıldıqdan sonra  səkilər və yol kənarları üçün beton bardürlər, avtomobil yolları üçün beton arakəsmələr, kanalizasiya və su kanalları üçün 600mm–dən 1200mm-dək beton su axarları istehsal olunacaq və qana metalların qalvanikləmdirilməsi (korroziyaya daha çox davamlı metalla örtülməsi prosesi ) həyata keçiriləcək.   

Hazırda müəssisədə aparılan təmir-bərpa işlərini yerinə yetirmək üçün 40 nəfərə yaxın şəxs müvəqqəti işlə təmin olunub.

Müəssisə istismara tam verildiyi zaman 60 nəfərlik  yeni  iş yeri yaradılacaq. Sonradan onların sayının artırılacağı da istisna edilmir. İşçilərə ayda orta hesabla 320 manat əmək haqqı ödəniləcək.

Qeyd edək ki, zavodda istehsal olunan məhsulların maya dəyərinin aşağı salınması üçün həyətdə qrabil, daş sexləri, eləcə də asfalt istehsalı üçün avadanlıqlar quraşdırılıb. Bundan əlavə, zavodda su və kanalizasiya çəkilişlərində istifadə olunan lyuk və kuveytlər də istehsal edilir. Müəssisədə beton və beton məmulatlarının istehsalı ilə yanaşı, metalların qalvanikləşdirilməsi sexi də fəaliyyətə başlayıb. Bu sexlərdə köhnə və tullantı metallar qalaylanır, rəngi saflaşdırılır və emala göndərilir.

ASC-nin baş mühəndis İlqar Şahsuvarov bildirib ki, zavodda, həmçinin, çoxmənzilli yaşayış və inzibati binaların tikintisində istifadə olunan müxtəlif növ beton üzlüklərin və digər materialların istehsalı da nəzərdə tutulub. Zavodda aparılan yenidənqurma işləri şübhəsiz ki, kənd təsərrüfatının inkişafına, ölkədə ərzaq bolluğunun yaradılmasına öz müsbət təsirini göstərəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275