SƏNAYE

SOCAR da yerli mal istəyir
27 OKTYABR
205

SOCAR da yerli mal istəyir

2016-10-27 09:51:00

Dövlət Neft Şirkətinin «Kompleks qazma işləri» tresti ehtiyat hissələrinin satın alınmasına tender elan edib. .

Bu tenderi başqalarından fərqləndirən başlıca özəllik – SOCAR-ın ilk dəfə müsabiqəyə yalnız ixtisaslaşmış yerli istehsal müəssisələrini və sahibkarları buraxmasıdır.

Prezident xaricdən mal gətirməyi yasaqlayıb

Xəbər verildiyi kimi, ötən ay prezident İlham Əliyev "İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında» fərman imzalamışdı. Bu sənəd 2018-ci il yanvarın 1-dək icra hakimiyyəti orqanlarına və dövlət büdcəsindən maliyyələşən təşkilatlara idxal mallarının (eləcə də iş və xidmətlərin) satın alınmasını qadağan edir.

SOCAR-ın öz təşəbbüsüdür

SOCAR sözügedən kateqoriyadan olan dövlət müəssisəsi deyil və görünür, «Kompleks qazma işləri» trestinin yerli şirkətlərlə işləmək təşəbbüsü «daxildə cücərib». Çünki SOCAR-ın digər qurumu - «Neftqaztikinti» tresti müxtəlif markalı sement alınması üçün açıq tender elan edib və iştirakçıların ölkə mənsubiyyətinə məhdudiyyət qoymayıb.

SOCAR-ın xarici təchizatçıları necə olacaq?

Bunadək xarici istehsalçılar SOCAR-ın satınalmalarına rahatca qatılır və qalib gəlirdilər. Məsələn, «Azəriqaz» İB sentyabrın 6-da boru almaqdan ötrü Rusiyanın «OMK-Stal» ASC ilə 893,8 min, oktyabrın 6-da isə 30 adda metal boru birləşmələrini almaq üçün Türkiyənin «Yamakoğlu İnşaat-Taahhüt ve Dış Ticaret ltd.» şirkəti ilə 105,9 min dollarlıq müqavilələr bağlayıb.

Büdcə təşkilatlarının tender elanlarında məhdudiyyət qoyulmur

Maraqlıdır ki, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların sözügedən fərman qüvvəyə minəndən bəri elan etdikləri satınalma müsabiqələrində bənzər məhdudiyyətlə bağlı hər hansı qeyd yoxdur. «Dövlət satınalmaları haqqında» qanunda göstərilir ki, satınalma zamanı yerli təşkilatlara xarici iddiaçıların təklifinin 20 faizi qədər güzəşt edilə bilər. İqtisadiyyat Nazirliyi bildirir ki, dövlət qurumları indiyədək keçirilən tenderlərdə yerli şirkətlərə verilən bu üstünlük hüququndan yararlanmayıb.

Yerli malların vahid portalı olacaq Sentyabrda prezident İlham Əliyev başqa bir sərəncamla İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 3 ay içində Azərbaycanda buraxılan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən və ən azı, 3 dildə fəaliyyət göstərən internet portalını yaratmağı tapşırıb.

Mənbə: Azadlıq Radiosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275