SƏNAYE

Ailə biznesinə SOCAR da dəstək verəcək
21 OKTYABR
251

Ailə biznesinə SOCAR da dəstək verəcək

2016-10-21 13:01:00

Azərbaycanda ailə biznesinin inkişafına Dövlət Neft Şirkəti də dəstək verəcək. Fins.az-ın məlumatına görə, bu gün Dövlət Neft Şirkəti (SOCAR) ilə ASAN Xidmət arasında, eləcə də, SOCAR-la “ABAD xidmət” arasında qarşılıqlı əməkdaşlığa xidmət edəcək sənədlər imzalanıb. ASAN xidmət-lə bağlanan əməkdaşlıq sazişi təlim-tədris məsələləri, könüllü fəaliyyəti, ətraf mühitin qorunması və təhlükəsizlik, informasiya texnologiyaları, müasir innovativ texnologiyaların tətbiqi, sosial məsuliyyət və digər sahələrdə birgə Əməkdaşlığı nəzərdə tutur.

İmzalanma mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri  İnam Kərimov, şirkət  və “ASAN xidmət” rəhbərliyinin nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən "ASAN xidmət"in sədri İnam Kərimov SOCAR və rəhbərlik etdiyi qurumun əməkdaşlığının əhəmiyyətindən geniş danışıb. O bildirib ki, SOCAR "ASAN Xidmət" vasitəsilə "ABAD Xidmət" - Ailə Biznesinə Asan Dəstək layihələrinə öz töhfəsini verəcək.

Tədbirdə çıxış edən R. Abdullayev son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlarda SOCAR-ın rolundan bəhs edib. O qeyd edib ki, indiyədək ölkənin neft-qaz sektoruna 68,2 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb, SOCAR-ın dövriyyə kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artıb, aktivlərinin ümumi dəyəri 9 mlrd. manatdan təqribən 40 mlrd. manata çatıb. 

Onun sözlərinə görə, son 7 ildə faiz, vergi və amortizasiyadan əvvəl şirkətin hesablanan illik gəliri 2 dəfə yüksəlib. SOCAR prezidenti 20 sentyabr – 10 oktyabr tarixləri aralığında ölkə ərazisində satışa çıxarılmış SOCAR İstiqrazları layihəsinin böyük uğurla nəticələnməsində “ASAN xidmət”in mühüm dəstəyini də qeyd edib. O, prezidentinin fərmanı ilə “ASAN xidmət”in tabeliyində yaradılmış “ABAD Xidmət”in rolunu yüksək qiymətləndirib.

SOCAR prezidenti qeyd edib ki, "ABAD Xidmət" mərkəzləri Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirəcək. 

SOCAR və “ASAN xidmət” arasında Əməkdaşlıq sazişinin əhəmiyyətindən danışan R. Abdullayev qeyd edib ki, bu saziş başda kadr, təlim-tədris məsələləri olmaqla, bütün uyğun sahələrdə sıx və effektiv işbirliyini nəzərdə tutur.

Sonra SOCAR ilə “ABAD xidmət” arasında Anlaşma Memorandumu və “ASAN xidmət” arasında Əməkdaşlıq sazişini şirkət prezidenti Rövnəq Abdullayev və “ASAN xidmət”in rəisi İnam Kərimov imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270