SƏNAYE

Azərbaycanda böyük metallurgiya kompleksi tikiləcək - PREZİDENT
08 OKTYABR
447

Azərbaycanda böyük metallurgiya kompleksi tikiləcək - PREZİDENT

2016-10-08 11:10:00

"Yaxın gələcəkdə ölkəmizdə böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bunun üçün bizim Daşkəsən filiz yataqları kimi resurs bazamız var. Bu gün o yataqlardan çox səmərəsiz istifadə olunur, çıxarılan filiz sadəcə olaraq xammal kimi xaricə satılır".

Fins.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Prezident yaxın aylarda o sahənin işini təmin etməyin mümkün olduğunu qeyd edib:
"Əfsuslar olsun ki, orada aylarla iş aparılmırdı. İnsanlar işsiz qalmışdılar, böyük borclar yaranmışdı. İndi orada sağlamlaşma prosesi gedir və biz bu böyük təbii resursdan çox səmərəli şəkildə istifadə etməliyik. Buna görə, bir neçə zavoddan ibarət olacaq yeni böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Böyük vəsait qoyulacaq və biz elə etməliyik ki, xammaldan son ən keyfiyyətli məhsula qədər Azərbaycanda istehsal olunsun və əminəm ki, istehsal olunacaq".
"Bu gün mən bir məsələyə də toxunmaq istəyirəm. Biz indi sənaye parklarında, digər sahələrdə, metallurgiya sahəsində bir çox böyük sənaye layihələrini icra edirik və bu istehsal olunacaq məhsulların demək olar ki, hamısı ixracyönümlüdür. Ona görə, biz nəqliyyat imkanlarımıza da baxmalıyıq və indidən planlaşdırmalıyıq ki, ixraca yönələcək məhsulları necə daşıyacağıq. Bizdə onları daşımaq üçün imkanlar varmı? Kifayət qədər infrastruktur varmı? Vaqonlar, sisternlər, quru yük infrastrukturu varmı? Ona biz indidən baxmalıyıq. Biz nəqliyyat sektoruna - dəmir yoluna, hava və dəniz nəqliyyatına böyük sərmayə qoymuşuq. İndi Bakıda böyük gəmiqayırma zavodu artıq böyük gəmilər istehsal edir. Ancaq buna bir daha kompleks şəklində baxmalıyıq. İxrac olunacaq məhsulun, o cümlədən indi ixracı kəskin artacaq kənd təsərrüfatı məhsullarının həcmi dəqiq proqnozlaşdırılmalıdır", - deyə İlham Əliyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275