SƏNAYE

Kimlər sahibkar sayılmalıdır? – MƏQALƏ
05 OKTYABR
244

Kimlər sahibkar sayılmalıdır? – MƏQALƏ

2016-10-05 10:51:00

Sahibkarlıq subyektlərinin təsnifatı üçün vahid beynəlxalq meyarlahazırda mövcud deyil. Ayrı-ayrı ölkələrdə müxtəlif meyarlar var. Dünya bankının məlumatlarına görə kiçik və orta sahibkarlıq subyektlərinə aidliyə münasibətdə göstəricilərin ümumi sayı 50-dən çoxdur. Məsələn, Almaniyada, Belçikada, Böyük Britaniyada, Niderlandda, Portuqaliyada meyar kimi müəssisənin dövriyyə göstəricisi, İtaliya və İrlandiyada daşınmaz əmlakın həcmi istifadə olunur. Meyarlar arasındakı fərqlilik milli xüsusiyyətlərin, sənayeləşdirmə səviyyəsindəki fərqin, ölkənin beynəlxalq əmək bölgüsündə yeri və rolunun nəticəsidir.

Dünya təcrübəsi göstərir ki, müxtəlif təşkilati-hüquqi formalı müəssisələrin kiçik və orta sahibkarlıq subyektlərinə aidliyinin əsasında duran daha ümumi meyarlara işçi heyətinin sayı, nizamnamə kapitalının miqdarı, aktivlərin həcmi, dövriyyənin həcmi kimi meyarlar daxildir. İqtisadi cəhtdən inkişaf etmiş ölkələrin daxil olduğu İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı 19 nəfərədək şəxsin çalışdığı müəssisələri “mikro”, 99 nəfərədək şəxsin çalışdığı müəssisələri “kiçik”, 100-499 nəfərin çalışdığı müəssisələri “orta”, 500 nəfərdən çox şəxsin çalışdığı müəssisələri isə “iri” müəssisələr kimi təsnifləşdirir.   

Avropa Birliyi ölkələrində 150 milyon məşğul əhalinin 100 milyon nəfərinin çalışdığı  16 milyondan çox kiçik və orta müəssisə fəaliyyət göstərir. Onlardan təxminən 15 milyonu (90%-dən çoxu) 10 nəfərədək işçisi olan “mikro müəssisələr”dir, qalan bir milyon müəssisədə çalışanların sayı 10-250 nəfər arasında dəyişir. “Mikro müəssisələr” Aİ ölkələrində bütün iş yerlərinin üçdə birini və bütün məcmu dövriyyənin dörddə birini təmin edir. Bu müəssisələr kiçik və orta (250 nəfərədək işçinin çalşdığı) müəssisələrlə birgə iş yerlərinin üçdə ikisini və məcmu dövriyyənin 65%-ni təmin edir. Kiçik müəssisələrin yarıdan çoxu (55%) və “mikro müəssisələr”in 70%-i ticarət və xidmət sahələrində fəaliyyət göstərir. Qalan müəssisələr əsasən tikintidə, az qismi isə sənayenin digər sahələrində çalışır.

Böyük Britaniyada müəssisələrin kiçik sahibkarlıq subyektlərinə aid edilməsi dövriyyə göstəriciləri və işçi (iqtisadiyyatın müxtəlif sahələri üzrə) sayına görə müəyyənləşdirilir. Çox kiçik (mikro) sahibkarlıq subyektlərinə 1-25 nəfərin, kiçik sahibkarlıq subyektlərinə 25-99 nəfərin çalışdığı firmalar aid edilir. Bununla yanaşı, emal sənayesində 200 nəfərdən az adamın çalışdığı firmalar, ticarətdə isə illik dövriyyəsi 400 min funt sterlinqdən az olan müəssisələr kiçik sahibkarlıq subyektlərinə aid edilir.    

Fransada işçilərinin sayı 500 nəfərdən çox olmayan və vergi tutulanadək illik dövriyyəsi yekun balans üzrə 20 milyon avrodan az olan müəssisələr kiçik müəssisələr hesab olunur. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində fərqli yanaşmalar var. Əgər kənd təsərrüfatında və yeyinti sənayesində 200 nəfərdən çox işçisi olan firma iri müəssisə hesab olunursa, avadanlıq istehsalı sahəsində say həddi 500 nəfərdir. 

Türkiyədə işçilərinin sayı 9 nəfərədək, illik dövriyyəsi 1 milyon TL-dək olan müəssisələr mikro müəssisələr, işçilərinin sayı 10-49 nəfərədək, illik dövriyyəsi 8 milyon TL-dək olan müəssisələr kiçik müəssisələr, işçilərinin sayı 50-249 nəfərədək, illik dövriyyəsi 40 milyon TL-dək olan müəssisələr orta müəssisələr sayılır. 

Amerika Birləşmiş Ştatlarında “Kiçik sahibkarlıq haqqında” federal qanunla müəyyən edilib ki, 500 nəfərədək işçisi olan, aktivlərinin həcmi 5 milyon dollardan və illik gəliri 2 milyon dollardan çox olmayan firmalar kiçik müəssisələrdir. ABŞ-da işçilərin sayından asılı olaraq müəssisələrin bölgüsü belədir: mikro müəssisə – 1-24 işçi; kiçik müəssisə – 25-29 işçi; orta müəssisə – 100-499 işçi; iri müəssisə – 500-999 işçi; ən iri müəssisə – 1000 və daha çox işçi. 

Rusiya Federasiyasında işçilərinin sayı 15 nəfərədək, illik gəliri 120 milyon rubladək olan müəssisələr mikro müəssisələr, işçilərinin sayı 100 nəfərədək, illik gəliri 800 milyon rubladək olan müəssisələr kiçik müəssisələr, işçilərinin sayı 101 nəfərdən 250 nəfərədək, illik gəliri 2 milyard rubladək olan müəssisələr orta müəssisələr hesab olunur.

Azərbaycanda sahibkarlıq subyektlərinin təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Qərarında göstərilən meyarlara əsaslanır. Belə ki, həmin qərara əsasən, sahibkarların kiçik, orta və iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.Həmin meyarlara əsaslanan təsnifat aşağıdakı kimidir:

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyası

İşçilərinin orta siyahı sayı

İllik gəliri

Kiçik sahibkar

25 nəfərədək

200 min manatadək

Orta sahibkar

25 nəfərdən 125 nəfərədək

200 min manatdan 1.250 min manatadək

İri sahibkar

125 nəfər və ondan yuxarı

1.250 min manat və ondan yuxarı

Əvvəlkindən fərqlənən yeni təsnifat vergi tənzimlənməsi və daha ədalətli  güzəştlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər.[1] Bu baxımdan təsnifatda mikro sahibkar kateqoriyasının da yer alması daha məqsədəuyğun olardı.

[1]Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli qərarınadəkortavə irimüəssisələrqrupu üçünmeyarlarmüəyyənləşdirilməmişdi. Nazirlər Kabinetinin "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri"nin təsdiq edilməsi haqqında" Qərarı  iqtisadi fəaliyyət növləri üzrə yalnız kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədlərini təsbit edirdi..

Abil Bayramov, hüquqşünas-ekspert

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272