SƏNAYE

BP-dən kənd təsərrüfatına dəstək – YENİ LAYİHƏ
22 SENTYABR
421

BP-dən kənd təsərrüfatına dəstək – YENİ LAYİHƏ

2016-09-22 16:51:00

Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri və Cənubi Qafqaz Boru Kəməri layihələrinin əməliyyatçısı olan BP şirkəti Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək olaraq Təhsil Nazirliyi ilə tərəfaşlığa başlayıb. Şirkətin verdiyi məlumata görə, layihə nəticəsində kənd təsərrüfatı sahəsində bir sıra yeni peşə və ixtisasların yaradılacağı və bunun da ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə verəcəyi gözlənilir.

Bu tərəfdaşlıq çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasını gücləndirmək öhdəliyi götürür. Bu, ölkədə kənd təsərrüfatı üzrə bir sıra yeni peşə və ixtisaslar üçün müasir tədris materiallarının, dərsliklərin və təlim metodologiyasının hazırlanmasını əhatə edir.

Pilot fazada layihənin iş həcmində həmçinin yeni yaradılmış peşə və ixtisas bölmələri üzrə ixtisaslaşan yeni tədris metodologiyası və səriştələrdən istifadə edəcək təxminən 20 nəfər yerli təlimçiyə təlimlərin keçirilməsi də nəzərdə tutulub. Pilot faza müvəffəqiyyətli olduğu təqdirdə, bu təcrübənin tətbiqi genişləndirilərək layihənin ölkədəki kənd təsərrüfatı üzrə bütün peşə məktəblərini əhatə etməsi təmin ediləcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, bu yeni yaradılmış qiymətləndirmə bazalarından, tədris planından, dərsliklərdən və digər tədris materiallarından istifadə etməklə 12 təlim modulundan ibarət olan əhəmiyyətli bir layihədir: «Biz bu pilot layihədən yüksək keyfiyyətli nəticələr gözləyirik və inanırıq ki, o, ölkədə kənd təsərrüfatı üzrə peşə təhsilində yeni metodologiyanın, yeni ixtisas bölmələrinin və tendensiyaların yaradılması prosesini gücləndirəcək».

Layihənin dəyəri 358 min manatdan çoxdur və o, 2016-cı ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək olan müddəti əhatə etməklə bir il davam edəcək. Layihə “British Council” tərəfindən yerinə yetiriləcək. Yeni yaradılmış peşə və ixtisas bölmələri bağçılıq (bitkilər və onlardan istifadə; əkin və qulluq/təsərrüfat işləri; torpaq və substratlar – 3 modul), bitkiçilik (taxılın yetişdirilməsi; meyvəçilik; qarğıdalının yetişdirilməsi; meyvəköklülərin yetişdirilməsi; pambığın yetişdirilməsi – 5 modul), kənd təsərrüfatı texnikası/aqro-xidmətlər (maşın-mexanizmlərə texniki xidmət; maşın-mexanizmlərin təmiri; kənd təsərrüfatı texnikasından istifadə; kənd təsərrüfatı texnikası ilə işlərin tamamlanması – 4 modul) kimi sahələri əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274