SƏNAYE

Subsidiyalar yığılan məhsula görə veriləcək - İLHAM ƏLİYEV
19 SENTYABR
392

Subsidiyalar yığılan məhsula görə veriləcək - İLHAM ƏLİYEV

2016-09-19 19:35:00

Azərbaycanda fermerlərə subsidiyalar əkin sahəsinə görə deyil, yığılan məhsula görə veriləcək.

Fins.az-ın “Marja”ya istinadən məlumatına görə, bunu Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev bildirib.

“Mən bu təklifləri dəstəkləyirəm ki, növbəti mövsümdə biz əkin sahəsinə görə deyil, yığılan məhsula görə subsidiya verməliyik. Aidiyyəti qurumlar indidən bu məsələni işləsinlər, hazırlasınlar, təkliflər versinlər. Bu, daha da məqsədəuyğun və ədalətli olacaq”.

Dövlət başçısı bildirib ki, həmçnin subsidiyalarla bağlı rayonlaşma sisteminə keçmək lazımdır:

“Eyni zamanda, rayonlaşma getməlidir, hansı rayonda hansı məhsullar daha çox gəlir gətirir, daha çox sərfəlidir. Biz buna da baxmalıyıq, müvafiq göstərişlər verilib. Hesab edirəm ki, biz subsidiyalarla bağlı da artıq rayonlaşma sisteminə keçməliyik. Mən bu yaxınlarda Masallı rayonunda idim. Orada icra başçısından soruşdum ki, sizdə indi taxılçılıqda məhsuldarlıq nə qədərdir, dedi hektardan 20 sentner. Bizdə ölkə üzrə bu göstərici 30 sentnerdir. Amma elə təsərrüfatlar var ki, yeni texnologiyalara və iqlim şəraitinə görə hektardan 40-50 sentner taxıl götürülür. Ona görə, bəlkə də Masallıda taxılçılığa subsidiya vermək lazım deyil, tərəvəzçiliyə, çayçılığa vermək lazımdır. Ona görə, bu göstərişlər verilib. Mən bu barədə dəfələrlə danışmışam və son vaxtlar konkret tapşırıqlar verilib, indi təkliflər verilməlidir. Regionlar üzrə subsidiyalaşma təmin edilməlidir və bu, özlüyündə kənd təsərrüfatının stimullaşdırılmasına gətirib çıxaracaq. Xoşbəxtlikdən elə gözəl ölkədə yaşayırıq ki, bizim doqquz təbii iqlimimiz var. Biz hər şeyi yetişdirə bilərik, çaydan tutmuş pambığa qədər, üzümdən tutmuş meyvə-tərəvəzə qədər. Qeyd etdiyim kimi, şimal-qərb zonasında böyük fındıq bağları salınacaq. Yəni, ancaq səmərəli yanaşma olmalıdır və fermerlərə çox ciddi kömək göstərilməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275