SƏNAYE

SOCAR nə vaxt "Petrol Ofisi"-ni ala bilər?
04 AVQUST
86

SOCAR nə vaxt "Petrol Ofisi"-ni ala bilər?

2016-08-04 11:49:00

Türkiyədə geniş yanacaqdoldurma şəbəkəsinə malik olan "Petrol Ofisi" şirkətinin alınmasına Avropalı investorlar o qədər də maraq göstərmir.

Fins.az APA-ya istinadən xəbər verir ki, bunu "Reuters" agentliyinə açıqlamasında "Petrol Ofisi"nin səhmdarı olan Avstriyanın OMV şirkətinin baş icraçı direktoru Rainer Seele deyib.

Onun proqnozlarına görə, "Petrol Ofisi"nin satışı 2017-ci ildə tez baş tutmayacaq.

Qeyd edək ki, OMV "Petrol Ofisi"ni 2006-cı ildə "Doğan" şirkətlər qrupundan təxminən 3 mlrd. dollara alıb. Bu ilin fevral ayında isə OMV "Petrol Ofisi"nin səhmlərinin böyük hissəni satışa çıxarıb.

İyun ayında şirkət rəsmilərinin açıqlamasında bildirilib ki, "Petrol Ofisi" ilə maraqlanan tərəflər var, lakin əqdin hansı tərəflə bağlanacağı hələlik məlum deyil.

Hazırda şirkətin Türkiyə ərazisində 785 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Bundan başqa, Türkiyə mətbuatı SOCAR-ın "Petrol Ofisini"nin alışına maraq göstərdiyini yazıb. O zaman "SOCAR Türkiye" şirkətinin baş icraçı direktoru olan Kenan Yavuz yayılan xəbərləri bu cür şərh etmişdi: "Hazırda 2018-ci ildə istismara verilməsi planlaşdırılan STAR zavodunu inşa edirik. Təbii ki, pərakəndə satış bizim inteqrasiyamızın tərkib hissəsidir. SOCAR prezidenti Rövnəq Abdullayev "Petrol Ofisi" şirkətinin satışı ətrafında baş verən prosesləri izləməyi tapşırıb".

Bundan sonra R. Abdullayev özü bildirib ki, SOCAR "Petrol Ofisi"nin səhmlərinə yiyələnməkdə maraqlıdır: "Biz bu cür şirkətlərin alışında maraqlıyıq. Lakin biz daha çox əqdi normal, uyğun qiymətə bağlamaqda maraqlıyıq".

Bu ilin iyun ayında isə "SOCAR Türkiye" şirkətinin rəhbəri Zaur Qəhrəmanov deyib ki, SOCAR "Petrol Ofisi" şirkətinin səhmlərinin alışı məsələsini bu ilin payız aylarına bir daha nəzərdən keçirəcək: "Bizim bu əqdə böyük marağımız var. Biz şirkətin aktivləri ilə bağlı dəqiq informasiyanın bizə təqdim olunmasını gözləyirik".

Onu da qeyd edək ki, "Petrol Ofisi"nin səhmlərinin alışında SOCAR-la yanaşı, Türkiyə, Çin və Yaponiyadan olan investorlar maraqlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272