SƏNAYE

Anqola SOCAR-la əməkdaşlıqda maraqlıdır
21 İYUL
111

Anqola SOCAR-la əməkdaşlıqda maraqlıdır

2016-07-21 14:37:00

İyulun 21-də SOCAR-ın prezindeti Rövnəq Abdullayev Anqolanın “Sonangol Hidrocarbonetos İnternacional” şirkətinin prezidenti və baş icraçı direktoru Frederiko Ferraz Dominqosu və həmin şirkətin baş icraçı direktorunun müavini xanım Filomena Santos Oliveiranı qəbul etmişdir.Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev onlara SOCAR-ın inkişaf tarixi, statusu, əsas fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat vermişdir. Səmimi qonaqpərvərlik və qəbul üçün təşəkkürünü bildirən Frederiko Ferraz Dominqos vaxtilə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye İnstitutu) təhsil aldığını qeyd edərək, yenidən Bakıda olmağından böyük məmnunluq duyduğunu söyləmişdir. O, aradan keçən 20 ildən artıq bir müddətdə Bakının tanınmaz dərəcədə dəyişib gözəlləşdiyini, əsl Avropa şəhərinə çevrildiyini vurğulamışdır.

Azərbaycanda təhsil almış kadrların Anqola neft-qaz sənayesinə mühüm töhfə verdiyini diqqətə çatdıran qonaq rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat vermiş, yataqların kəşfiyyatı, işlənməsi, hasilatı və digər fəaliyyət növləri üzrə Anqola daxilində, habelə xaricdə - Meksika körfəzi, Kuba, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Mozambik və digər ölkələrdə həyata keçirdikləri layihələr barədə təqdimat keçirmişdir. Qonaqlar Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirmiş, bunu öz şirkətlərinin strateji inkişafı üçün mühüm hesab etdiklərini vurğulamışlar. 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanda beynəlxalq şirkətlərin fəaliyyəti üçün geniş imkanlar yaradıldığını, əlverişli investisiya şəraitinin mövcud olduğunu qeyd edərək, SOCAR-ın bir sıra regional və qlobal miqyaslı layihələr çərçivəsində dünyanın aparıcı neft-qaz şirkətləri ilə səmərəli əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın Azərbaycanın iqtisadi maraqlarına uğurla xidmət etdiyini bildirmişdir. SOCAR prezidenti Anqola şirkəti ilə əməkdaşlıq perspektivlərinin ölkələr arasında münasibətlərin inkişafına böyük töhfə verə biləcəyini demişdir. 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da maraqlı fikir mübadiləsi aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272